Sürücüləri “Şamaxinka” işgəncəsindən necə qurtarmaq olar?
Azər Allahverənov: “Bakıətrafı ərazilərdən şəhərə gələn avtobuslar üçün nəzərdə tutulmalıdır”
Hazıırda Sumqayıtdan Bakıya doğru istiqamət edən nəqliyyat vasitələri yeni avtovağzal ərazisinə qədər normal hərəkət edə bilir. Bu da həmin yolun sözügedən əraziyə qədər genişləndirilməsi ilə mümkün olub. Lakin avtomobillər bu əraziyə çatanda oradan metronun “20 Yanvar” stansiyasına doğru əvvəllər olduğundan da daha çətin şəraitdə hərəkət etmək məcburiyyətində qalırlar. Bu da yolun avtovağzala qədər olan hissəsinin genişləndirildiyi halda, yerdə qalan hissəsinin dar olaraq qalması ilə bağlıdır.
Belə ki, hazırda genişlənmiş ərazidə 7-8 cərgə maşın hərəkət edə bilirsə, dar hissədə cərgələrin sayı 3-4-ə enir. Nəticədə yolun bu hissəsində tıxac amili bütün gün ərzində özünü daha kəskin şəkildə büruzə verir. Bu fonda avtovağzalın bir hissəsinin yolun genişləndirilməsi üçün görəsən, sökülməsi nə dərəcədə mümkündür? Ümumiyyətlə, avtovağzal başqa yerə, məsələn, Sədərəkə köçürülə bilərmi?
Bu barədə YENİCAG.AZ saytının suallarını cavablandıran ekspert Azər Allanverənov bildirdi ki, Bakı Sumqayıt yolu üzərindəki avtovağzala yaxın ərazidə sıx tıxacın yaranmasının qarşısını almaq yeni avtovağzalın yaxınlığında paytaxtətrafı ərazilərdən bura gələn avtobuslar üçün ayrıca bir avtovağzalın salınması mümkündür: “Hər şey məsrəflərdən, yəni xərclənə biləcək xərclərdən asılıdır. Vəsait hansı həcmdədir, nəyə imkan verir, onunla məsələyə hansı səpkidə yanaşmaq mümkündür. Faktiki olaraq, hazırda fəaliyyət göstərən avtovağzal kifayət qədər böyük məsrəfə başa gələn layihə idi. O kifayət qədər lazımlı ərazidə, bir növ insanların rahatlığı üçün hesablanmış məkanda yerləşib. Bu ərazidə metrostansiya da salınır, yaxın zamanlarda istifadəyə veriləcək. Yəni hazırki avtovağzal yol şəbəkəsi üçün çox uğurlu yerdə yerləşib. Bakıdan Sumqayıt, habelə digər ərazilərə və oradan bura gələn avtobuslar üçün ayrıca bir avtovağzalın salınmasından söhbət gedirsə, onu da hardasa yeni avtovağzala yaxın ərazidə inşa etmək mümkündür. Bu yer hardasa yaxın ərazidə olmalıdır və iki avtovağzal arasındakı dayanacaq məsafə az olmalıdır ki, insanlar rahat şəkildə piyada birindən digərinə gələ bilsinlər. Həmçinin, sözügedən məkanda yolun genişləndirilməsi məsələsi yeni avtovağzalın hansısa bir hissəsinin sökülməsi hesabına baş tutmamalıdır. Burada başqa bir ideya da var ki, onu da bəzi Avropa ölkələrində görmüşəm. London aeroportunda bir neçə terminallar fəaliyyət göstərir və onlar arasındakı məsafə bir neçə yüz, bəzi hallarda bir neçə kilometrdir. Amma terminallar arası üfiqi xəttlə hərəkətdə olan eskalatorlar hərəkətdə olur. Burada yeraltı terminalları əlaqələndirən şəbəkə də qurulub və insanlar sərbəst şəkildə bu eskalatorlardan istifadə edərək, digər terminala rahat halda gedirlər. Bu prinsipi ölkəmizdə də reallaşdırmaq olar. Hansı ki, bunun özü də dediyiniz məsələni müəyyən qədər həll etmiş olar”.
Rüfət/Yenicag.az