Sürücülərin diqqətinə: Nobel prospektindəki çökmədən sonra bu yollardan istifadə edin

Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ilə əlaqədar aparılan təmir işlərinə görə nəqliyyat vasitələri üçün alternativ yollar müəyyən olunub.

Yenicag.az xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, alternativ olaraq “boru keçidi” kimi tanınan ərazidən Babək prospekti istiqamətində hərəkət nəzərdə tutulub.

V.Əsədovun sözlərinə görə, Babək prospekti ilə 10-cu zavod dairəsi istiqamətinə və yaxud həmin ərazi üzrə Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Afiyəddin Cəlilov küçəsi istiqamətində alternativ hərəkət müəyyənləşdirilib.

Qeyd edək ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.

Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaqdır.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır.

COP29