Bu gündən paytaxtın Üzeyir Hacıbəyov küçəsində yol hərəkətində dəyişiklik edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən monitorinq təhlillər nəticəsində Üzeyir Hacıbəyov küçəsində sıxlığın qarşısının alınması məqsədilə yol hərəkətinin təşkilində müvafiq dəyişikliklər edilib:
“Belə ki, bu gündən başlayaraq Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyov küçəsinin sağ kənar yoluna daxil olduqda, yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib, sağa – Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyov küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılıb”.
T.Nəsirli əlavə edib ki, yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyov küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir:
“Bütün bunları nəzərə alaraq sürücülərdən xahişimiz və tələbimiz odur ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər, ərazidə sıxlığın yaranmasına səbəb olmasınlar”.
www.yenicag.az