Sürücülərin NƏZƏRİNƏ: Bu dərmanları qəbul edib sükan arxasına əyləşənləri AĞIR CƏZA GÖZLƏYİR
“Bütün psixotrop maddələrin qəbulundan sonra sükan arxasına əyləşmək yolverilməzdir. Bu, birbaşa qəzaya dəvətnamədir”
Yenicag.az xəbər verir ki, son dövrlərdə bəzi dərman preparatlarının qəbulundan sonra sürücülərin sükan arxasına keçməsinin yaratdığı risklər yenidən müzakirə obyektinə çevrilib. Xüsusilə psixotrop təsirə malik vasitələrin sürücü davranışına və reaksiya qabiliyyətinə göstərdiyi mənfi təsir ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı saytımıza açıqlama verən professor Adil Qeybulla bildirib ki, bu cür maddələrin qəbulu yol hərəkəti təhlükəsizliyi üçün real təhdiddir:
“Psixotrop maddələrin hamısı insanın əhval-ruhiyyəsinə təsir edir, diqqəti yayındırır və reaksiyanı zəiflədir. Bu effekt, demək olar ki, bütün psixotrop vasitələrdə üstünlük təşkil edir. O baxımdan, alkoqol, psixotrop dərmanlar, hətta bəzi ölkələrdə istifadəsinə icazə verilən marixuana kimi narkotik maddələrin qəbulundan sonra sükan arxasına keçmək qətiyyən olmaz. Bunlar sürücünün çevikliyini itirir və ağır qəzalar üçün şərait yaradır”.
Professor qeyd edib ki, qanunvericilikdə bu məsələ öz əksini tapsa da, bəzi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var:
“Hazırda yol polisi alkoqol testini operativ şəkildə həyata keçirə bilir. Lakin narkotik maddələr və konsentrasiyanı azaldan xüsusi dərman preparatlarının təsirini müəyyən etmək üçün test imkanları daha da genişləndirilməlidir. Həm Cinayət Məcəlləsində, həm də yol hərəkəti qaydalarında bu məqamlar daha dəqiq ifadə olunmalıdır”.
Adil Qeybullanın sözlərinə görə, beynəlxalq praktikada bu hal “təsir altında sürücülük” kimi qiymətləndirilir və bu, cinayətin ağırlaşdırıcı halı hesab olunur:
“Xaricdə bu, ən ağır pozuntulardan biri sayılır. Çünki şəxs bilərəkdən həmin maddəni qəbul edib sükan arxasına keçir. Əgər belə vəziyyətdə qəza baş verərsə, sürücünün məsuliyyəti qat-qat artır”.
Mütəxəssislər hesab edirlər ki, sürücülərin maarifləndirilməsi və nəzarətin gücləndirilməsi yol qəzalarının sayını minimuma endirə bilər.
Samir Məcid













