Şuşa Bəyannaməsi”nin imzalanmasından 1 il ötür. Əhəmiyyəti hələ uzun illər mərhələlərlə üzə çıxacaq bu müqavilə əslində gələcəyə yönəlmiş strateji bir işbirliyini göstərən müttəfiqlikdir. Strateji müttəfiqliklərin faydaları zamanla ortaya çıxır”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
Onun fikrincə, bu müqavilə bir il ərzində günbəgün Azərbaycan dövlətinin dünyada baş verən geopolitik gəlişmələrdə mövqeyini möhkəmlədir.
“Nə baş verdi bu bir ildə?
“Şüşa bəyannaməsi” ilə Azərbaycan 44 günlük Vətən savaşındakı qalibiyyətini diplomatik güc olaraq, qala kimi sara bildi ki, bu, çox vacib faktordur. Həm Avropa İttifqanın sülh razılaşmasındakı rolunun artmasında, həm son bir ildə ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsində sözsüz ki, Türkiyə ilə müttəfiqliyin böyük təsiri var.
Azərbaycanın sülh məsələsində Türkiyə və Orta Asiya cümhuriyyətləri ilə əməkdaşlıq çərçivəsində bu problemə son qoya biləcək gücə malik olması, digər faktorlar dövlətimizin yaxın zamanlarda yuridiksiyasında olmayan bəzi ərazilərdə də idarəçiliyimizin həyata keçəcəyinə heç bir şübhə yeri qoymur.
Sürətlə dəyişən siyasi vəziyyət, xüsusilə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi, qanlı savaşı başlatması Qərbin və onun hərbi birliyi olan NATO-nun bütövliklə postsovet məkanı ilə bağlı siyasətini dəyişdirməyə məcbur etdi. Bu ciddi dəyişikliklər dövründə “Şuşa Bəyannaməsi“nin imzalanması onu göstərdi ki, bu, təkcə Azərbaycan və Türkiyənin dərin müttəfiqliyi deyil, eyni zamanda Azərbaycan bu müqavilə ilə Türkiyənin NATO kimi müttəfiqinin də dəstəyini ala biləcək”, – deyə AY Partiya Başqanı əlavə edib.
Anar Əsədli bildirib ki, “Şuşa Bəyannaməsi” iki qardaş ölkənin imkanlarının birləşdirilməsi ilə Azərbaycanın beynəlxalq rolunu, çəkisini daha da artıran bir sənəddir: “Biz bir ildə bu gücü görür və hiss edirik. “Şuşa Bəyannaməsi”ndə yer alan iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətinin gücləndirilməsinə dair maddə əvvəl-axır “iki dövlət, vahid ordu” ideyasının reallaşmasına doğru mühüm addımdır.
Təbii ki, bu müttəfiqliyin iqtisadi tərəfləri də ayrıca qeyd olunmalıdır. Xüsusilə “Zəngəzur dəhlizi”nin geosiyasi əhəmiyyəti bu bəyannamənin Turan yolunda ən böyük addımlardan biri kimi dəyərləndirilməsi üçün yetərlidir”.
www.yenicag.az