Bu gün Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından 29 il keçir. Lakin bu il əvvəlki illərdən fərqli olaraq Şuşanın tezliklə yağı düşməndən azad edilməsini arzu etmirik. Düz 6 ay bundan əvvəl, 2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşməni döyüş meydanında ağır məğlubiyyətə düçar etdi. Əzəli və əbədi torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan sonra düşmən tapdağından azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Aparılan hərbi əməliyyatlar istər seçilmiş taktikaya, istərsə də hərbi qulluqçularımızın göstərdiyi şücaətə görə dünyanı lərzəyə saldı. Xüsusilə də qəhrəman oğullarımızın çətin və sıldırımlı qayalardan, dağlardan aşaraq Şuşa şəhərini işğaldan azad etməsi müharibənin taleyində misilsiz rol oynadı.
Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Şanlı tariximizə daha bir parlaq hadisə daxil oldu və tarixi ədalət bərpa edildi. Ölkə başçısının “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək xalqımızı təbrik etməsi heç zaman unudulmayacaqdır.
Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, tariximizdə çox böyük və xüsusi əhəmiyyəti olan bir şəhərdir. Çünki Şuşa şəhəri xalqımızın zəngin mədəniyyətini, memarlığını dünyaya tanıtdırmışdır. Hələ Ümummilli lider Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilərək Şuşa şəhərində olan tarixi abidələrin qorunması, mədəniyyət və incəsənət xadimlərinin, habelə görkəmli şəxslərin abidələrinin abadlaşdırılması təmin edilmişdi. Bu cür gözəl şəhər, təəssüflər olsun ki, Erməni vandalizminin qurbanı olmuş, erməni barbarları şəhərdə olan 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binasını, mədəniyyət və tarixi abidələri, təhsil müəssisələrini, muzeyləri dağıtmış, məbədgah və məscidləri təhqir etmişlər.
İşğaldan azad olunduqdan sonra ölkə başçısının göstərişinə əsasən, işğal altında olan bütün ərazilərə vurulmuş ziyanla bərabər Şuşa şəhərinə vurulmuş ziyan da hesablanmış, Şuşa şəhərində çox böyük sürətlə abadlıq-quruculuq işlərinə başlanmış, hazırda da uğurla davam etdirilir. Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərini sürətlə davam etdirmək məqsədilə şəhərə ölkə başçısının ilk xüsusi nümayəndəsi təyin edilmişdir.
Dünən cənab Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyildi. Çünki son 29 il ərzində ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi təqdim etməyə cəhd göstərirdilər.
Lakin bu gün onlar Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə və qarşılamağa məcburdurlar. Tarixi ədalət bərpa olundu, Şuşa işğaldan azad edildi, 1989-cu ildə Cıdır düzündə keçirilmiş və Şuşanın rəmzi olan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra ilk dəfə Heydər Əliyev Fondu tərəfindən yenidən Şuşada təşkil olunacaqdır.
Əminik ki, doğma əllərdə olan Şuşa şəhərində bütün mədəni abidələr bərpa edilməklə, yeni binalar, evlər tikilməklə tezliklə bu şəhər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
www.yenicag.az