“TikTok” sosial platformasında özünü müğənni adlandıran Famil Məcidli adlı bir şəxsin tanınmış müğam ifaçısı Tacir Şahmalıoğlu barədə dedikləri qarşı tərəfi özündən çıxarıb.
Belə ki, həmin şəxs “Bayatı-Şiraz”ı ifa edən özbək müğənnisinin videosunu yerləşdirib, onu tərif etməklə ürəyi soyumayıb, Şahmalıoğlu ilə bağlı belə fikir səsləndirib: “Niyə kimsə “Bayatı-Şiraz”ı oxuyanda Tacir Şahmalıoğludan icazə almalıdır?”
Yenicag.az-a açıqlama verən Tacir Şahmalıoğlu heç kimin tanımadığı bir şəxs tərəfindən ünvanına söylənən bu sözləri özünə qarşı həqarət hesab edib:
“Sən kimsən axı, mənim barəmdə belə fikir səsləndirirsən? “Bayatı-Şiraz”ı oxuyanda kimdən icazə alınmalıdır? Əlbəttə ki, Tacir Şahmalıoğludan icazə alınmalıdır. O, mənim ideyamdır, mən yaratmışam. Bəlkə sən oxumusan, sən ortalığa çıxarısan “Bayatı-Şiraz”ı? Yarım əsrdir milyonların ürəyində yaşamış bir musiqiyə mən can vermişəm, bunu bütün Azərbaycan bilir. Milyonlarla insan mənə zəng edib, buna görə təşəkkürünü bildirir. Onun müəllifi kimdir? Mənəm də… Başından böyük danışıb ki, Tacirdən niyə icazə alınmalıdır? Deyir, Müəllif hüquqları hara baxır? Elə “Bayatı-Şiraz”ın müəllif hüquqları mənə məxsusdur. Elə icazəsinə də mən baxıram. Bəli, indiyə qədər mənə qarşı çox ədalətsizliklər olunub. Hamısını bir-bir açıqlayacağam”.
Cəvahir
www.yenicag.az