Taksi yoxsa kinozal? – "Bolt" sürücüsü seriala baxdı, irad bildirən qadını MAŞINDAN QOVDU/VİDEO
Paytaxtın “Bolt” taksi xidmətində həm yol hərəkəti təhlükəsizliyini alt-üst edən, həm də sərnişinə qarşı etik normaları tapdalayan qeyri-adi hadisə yaşanıb.
Yenicag.az xəbər verir ki, “Bolt” şirkətinə məxsus avtomobilin sürücüsü sərnişin daşıdığı halda, sükan arxasında monitordan türk serialına baxıb. Həm özünün, həm də sərnişinin həyatını riskə atan bu mənzərə xanım sərnişinin haqlı narazılığına səbəb olub.
Sərnişin sürücüyə iradını bildirərək diqqətini yola verməsini istəsə də, aldığı cavab biabırçılığın miqyasını artırıb. İddialara görə, sürücü öz təhlükəli xətasına bəraət qazandırmaq əvəzinə, sərnişinə kobud şəkildə avtomobildən enməyi tələb edib.
Hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edən şikayətçi xanım başına gələnləri belə təsvir edib:
“‘Bolt’ sifariş vermişdim, sürücü oturub maşında türk serialına baxır. İrad bildirəndə isə mənə dedi ki, ‘maşından en’. Mən qadın olduğum üçün səsimi çıxara bilmədim. Görəsən, eyni hərəkəti bir kişiyə qarşı edə bilərdimi? Sonra da bütün gün ‘iş yoxdur’ deyə ağlayırlar. Elə sizin kimilərin işi olmasa, daha yaxşıdır”.
Bu hadisə paytaxtda, xüsusilə də “Bolt” kimi geniş istifadə olunan platformalarda sürücü seçimindəki və nəzarət mexanizmindəki ciddi boşluqları bir daha gündəmə gətirib. Sözügedən özbaşınalıqla bağlı şirkətin hansı tədbiri görəcəyi və sürücünün bloklanıb-bloklanmayacağı maraq doğurur.
Yenicag.az












