“Taliban” nə vəd edir? – “Artıq harasa gedəndə bir yerin partlamayacağını bilirik” – Əfqan jurnalist / ÖZƏL
Artıq Türkiyə və Azərbaycan sülhməramlı qüvvələri də Əfqanıstandan çıxıb. Bu o deməkdir ki, Əfqanıstan tamamilə “Taliban”ın əlinə keçib.
Əfqanıstandan yayılan video kadrlara baxdıqda çoxlu sayda insanın ölkəni tərk etmək istədiyini görürük. Bəzi informasiya resuslarında Əfqanıstanda ciddi gərginliyin olduğu, “Taliban”ın insanları təhdid altında saxladığı kimi məlumatlar yayılır.
Məsələ ilə bağlı adının təhlükəsizliyi ilə ələqədar çəkilməsini istəməyən, hazırda Kabil şəhərində yaşayan əfqanıstanlı jurnalistlə söhbətimiz oldu. Əfqan jurnalist bildirir ki, şəhərdə və ölkədə vəziyyət stabildir. Pəncşir vilayəti xaric heç bir yerdə atışma yoxdur. İnsanlar rahat şəkildə istədiyi yerə gedib-gələ bilirlər. Əfqan jurnalist artıq müharibələrdən cana yığıldıqlarını qeyd edib:
“Bizim ömrümüz müharibələrlə keçdi. Bir gün sakit keçən günümüz olmayıb. Hazırda “Taliban” bütün ölkəni ələ keçirib, hakimiyyətə gəlib. İnsanlarda bir qorxu var. Bu qorxu keçmişdən gələn bir şeydir. İnsanlar elə düşünür ki, yenə eyni cür davranarlar. Bundan əlavə, xalq arasında belə bir məlumat yayılıb ki, İŞİD gələcək. İnsanları ən çox narahat edən də budur. Ancaq onu deyə bilərəm ki, hazırda insanlarla yaxşı davranırlar. Demək olar, heç bir problem yaşanmır. Kabilda sakitlikdir, kim hara istəyir gedib-gələ bilir”.
Əfqan jurnalist ölkədən qaçanlar arasında əvvəllər güc strukturlarında işləyənlərin çoxluq təşkil etdiyini bildirib:
“İnsanlar qorxur. Bu, normal haldır. İŞİD-in gələcəyi, “Taliban”la İŞİD arasında savaşın çıxacağı məlumatı yayılıb. İnsanlar artıq beziblər belə yaşamaqdan. Ona görə imkanı olanlar ölkədən qaçmaq istəyirlər. Əslinə qalsa, ölkənin ən böyük problemi işsizlikdir. Demək olar ki, bir dənə də iş yeri yoxdur. Heç bir müəssisə, heç bir zavod, fabrik yoxdur. İnsanlar iş tapmaq üçün ölkədən xaricə qaçırlar ki, yaşaya bilsinlər. Bəziləri isə gəncdir, sırf xaricdə yaşamaq arzusu ilə qaçırlar, baş verənləri də bir fürsət biliblər. Hazırda biz də işə çıxmırıq. Ofislər bağlıdır, evdən işləyirik. Bu nə qədər davam edəcək bilmirik. Baş verənlərin bir müsbət tərəfi var ki, sabitlikdir, artıq harasa gedəndə bir yerin partlamayacağını bilirik. Çünki əvvəl bunu “Taliban” edirdi, indi onlar hakimiyyətə gəliblər. Qaçanlar arasında çoxluğu əvvəl güc sturukturlarında işləyənlər təşkil edir. Onlar qorxur ki, bir müddət sonra “Taliban” onları cəzalandırar”.
Əfqanıstanda baş verənlər və əfqan jurnalistin səsləndirdiyi fikirləri Əfqanıstan müharibəsi iştirakçısı, hərbi ekspert Tərlan Eyvazovla müzəkirə etdik. Tərlan Eyvazov Yenicag.az-a bildirib ki, İŞİD-lə “Taliban”ı eyniləşdirmək sadəcə olaraq savadsızlıqdır:
“Hər ikisi əhli-sünnə olsa da, İŞİD vəhabilik üzərində qurulsa da, “Taliban” əhli-ixvan (müsəlman qardaşlığı) üzərində qurulub. “Taliban”ın ideologiyası yalnız Əfqanıstan daxilindədir. Heç kimə sirr deyil ki, İŞİD ABŞ-nin yaratmış olduğu bir təşkilatdır. ABŞ Əfqanıstanda olduğu müddətdə İŞİD-i ora gətirməyə çalışdı. Hal hazırda İŞİD-in elə bir gücü yoxdur ki, “Taliban”a üstün gəlsin. Bundan əlavə, xalq da onlara heç bir dəstək verə bilməz. İŞİD, ümumiyyətlə, islam alimləri tərəfindən qəbul olunmur. “Taliban”ı bəzən Puştun hərəkatı kimi də qiymətləndirənlər var. “Taliban” Puştun hərəkatı deyil. “Taliban” puştunların içərisində yaranmışdı, ancaq sonradan onun içərisində Əfqanıstanda yaşayan bütün millətlərdən nümayəndlər qoşuldu. Pəncşirdəki gərginlik kənar qüvvələrin qızışdırması ilə baş verir. “Taliban” hələlik buna susur, məsələni diplomatik yolla həll etməyə çalışır. “Taliban” bir günə Pəncşiri nəzarətinə götürə bilər. “Taliban”ı milli azadlıq hərəkatı da adlandırmaq olar. “Taliban” şəriət qanunlarını əsas götürür və haradasa sosialyönümlüdür. Təsadüfi deyil ki, “Taliban”ın hərbi qanadındakı komandirlərin içərisində çoxlu sayda Əfqanıstan Xalq Demokrat Partiyasının keçmiş üzvləri var. ƏXDP-nin lideri Nur Məhəmməd Təraki partiya daxili “xəlq” fraksiya lideri, patiya daxili “pərçəm” fraksiyası lideri isə Babrak Kariməl idi. Təraki sadə kəndli puştun ailəsindən çıxmışdı, sırf kasıb təbəqəyə arxalanan fraksiya rəhbəri. Babrak isə imkanlı ziyalı ailədən idi onun fraksiyasında məhz bu təbəqə çoxluq təşkil edirdi. Ona görə “Saur inqilabı”ndan sonra Babrak Çexiyaya səfir göndərildi, yəni mədəni sürgün. Tərəfdarları repressiya edildi. Sovet ordusu 1979-cu ildə onu özü ilə gətirib ölkədə rəhbər qoydu. İndi isə xalqçılar repressiya olunmağa başlandı. Onlardan zabit heyəti arasında çox idi. Əksəri də SSRİ-də təhsil almışdı. Repressiyadan xaricə qaçanlar sonradan taliblərə qoşuldular. Hətta aralarında sovet vaxtı əsir düşən SSRİ vətəndaşları da var idi.
ABŞ-nin Əfqanıstanda xərclədiyi milyardlarla pullar hamısı havaya sovruldu, o ölkənin iqtisadiyyatına heç bir xeyri olmadı. İnsanlar işsiz-gücsüz qalıblar. ABŞ ərazidən çıxandan sonra alternativ kimi Çini orada görürük. Çin SSRİ Əfqanıstana girəndə belə mücahidlərə yardım edirdi. Hazırda da “Taliban”a yardım edir. Çinin Əfqanıstanda böyük yatırımları var. Çinə stabil ölkə lazımdır, ona görə də “Taliban”la danışıqlara gedir. Əfqanıstanla Çin yaxın ölkə olduğu üçün orada maoçular olub. 14 fevral 1979-cu ildə Kabildə Amerika səfiri Adolf Dabs terrorçular tərəfindən oğurlanaraq mərkəzdəki “Kabil” otelində girov saxlanılırdı. Səfiri ölkədəki “Sitəmi milli” (Millətin sitəmi, əzabı) terror təşkilatı üzvləri girov götürüb həbsdəki yoldaşlarının azad edilməsini tələb edirdilər. Ancaq “KQB” müşavirlərinin köməyi ilə əfqan polisinin otelə edilən çox qeyri-peşəkar hücumu nəticəsində səfir həlak olur. Bu təşkilatın maoçu yönümlü təşkilat olduğu söylənir. Təbii ki, bu hadisədən sonra ABŞ və Əfqanıstan əlaqələri tam sıfır vəziyyətinə düşür”.
Hərbi ekspert bildirir ki, “Taliban”ı ABŞ-nin yaratması və indi oranı “Taliban”a qoyub getməsi iddiası yalandır:
“İndi ABŞ-nin Əfqanıstandakı pərtliyini, uğursuzluğunu aradan qaldırmaq üçün belə bir feyk məlumat dövriyyəyə buraxılır: Demə, bu işi Amerika qəsdən edib, vaxtilə “Taliban”ı özü yaradıb, ona dəstək verib, indisə hər şeyi “Taliban”a buraxıb gedir. Bu, yalandır! Bu, 30 il öncə eyni aqibəti yaşayan rusların özünü təmizə çıxartmasına bənzəyir. Halbuki sovet ordusu orada 9 il qalmışdı. Amma onun təchiz etdiyi Nəcubulla hakimiyyəti SSRİ oradan çıxandan sonra düz 3 il davam gətirdi. Əgər Qorbaçov dəstəyi davam etsəydi, yəqin, bir müddət də qala bilərdi. Bu, ABŞ-nin digər ərəb, müsəlman ölkələrindəki siyasətinin növbəti fiaskosunun davamıdır. İraqın, İranın, Suriyanın, Türkiyənin parçalanması projeləri məhz Türkiyənin düzgün siyasəti nəticəsində baş tutmadı. “Taliban” Amerikanın projesi deyil, ola da bilməz. Bunu deyən adamlar 2001-ci ilin 11 sentyabr hadisəsini və ondan sonra oğul Buş hakimiyyətinin şərqə Əfqanıstandan başlanan növbəti səlib yürüşünü xatırlasınlar. Öz ölkəmizdə məlum bədnam Minsk üçlüyünü torpağımızı bölüb erməniyə vermək üçün hansı planlar qurduğunu xatırlasınlar. Bu, geri qalmış, kasıb da olsa, mərd, əyilməz, qürurlu bir xalqın özünə inamı, azad yaşama haqqını müdafiə edə bilmək istəyinin sonsuz olmasından irəli gələn nəticədir”.
Əfqanıstandakı digər jurnalistlərlə də söhbət zamanı, demək olar, eyni fikri səsləndirdilər. Onları əsas düşündürən məsələ gələcəkdir…
Səxavət Məmməd