“İşğalçı Ermənistan rəhbərliyinin son bəyanatları göstərir ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması imkanları tükənib”.
Bu fikirləri Yenicag.az-a açiqlamasında Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərinə və bu məqsədlə Türkiyədən 11 min nəfərlik hərbi kontingentin ölkəmizə göndərilməsinə münasibət bildirən ehtiyatda olan zabit Tərlan Eyvazov deyib.
Tərlan Eyvazovun sözlərinə görə, Azərbaycanın dövlət müstəqiliyinin bərpasından sonra Türkiyə ilə hərbi sahədə strateji əhəmiyyətli bır sıra sazişlər imzalanıb:
“Bildiyiniz kimi, Qars müqaviləsi 1921-ci ildə, yəni Cənubi Qafqazın sovetləşməsindən sonra imzalanıb. Əslində isə Azərbaycanla Türkiyə arasında strateji sazişlər Qars müaaviləsi ilə məhdudlaşmır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra da Türkiyə ilə əksər sahələr, o cümlədən, hərbi əməkdaşlığa dair çoxsaylı müqavilələr bağlanıb.
Məsələn, iki ölkə arasında 2012-ci ildə imzalanmış strateji müqavilənin bizə bəlli olan müddəalarına görə, əgər Azərbaycan və Türkiyənin hər hansı birinə qarşı üçüncü ölkə tərəfindən hücum edilərsə, dövlətlərimizin birgə müdafiə olunmaq hüququ var.
Azərbaycanla Türkiyənin Naxçıvan və digər bölgələrimizdə keçiriləcək hərbi təlimləri planlaşdırılmış fəaliyyət deyil. Doğrudur, istər ikitərəfli Azərbaycan-Türkiyə, istər üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan, istərsə də NATO çərçivəsində hər il bir neçə təlim təşkil olunur.
Lakin indi keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri tamamilə yeni mərhələdir. Hər kəs gördü ki, Türkiyə Ermənistanın son sərhəd təxribatına ən yüksək səviyyədə qəti move bildirdi, Azərbaycana birmənalı dəstək verdi.
Düşünürəm ki, bu təlimlər Türkiyə rəhbərliyinin verdiyi Azərbaycana yönəlik dəstək bəyanatlarının yalnız sözdən ibarət olmadığının bariz nümunəsidir. Yəni Türkiyə artıq tam olaraq, sözdən işə keçib.
Diqqət etmisinizsə, Paşinyan son çıxışlarında Azərbaycanın kompramislərə hazır olmasının vacibliyi haqda sərsəm fikirlər səsləndirir. Ancaq onun dediyi o “kompromis”in arxasında nəyin nəzərdə tutulduğu hamıya aydındır. Bu isə əlbəttə ki, qəbuledilməzdir”.
Hərbi ekspertin fikrincə, Cənubi Qafqazda cərəyan edən proseslərdə yaxından iştirakı olan türkiyə ilə Rusiya arasında münasibətlər bu ölkələrin 100 il əvvəlki əməkdaşlığını xatırladır:
“Son vaxtlar Rusiya-Türkiyə münasibətləri 1920-ci illəri xatırladır. O vaxt Rusiya-Türkiyə arasında isti münasibətlər yaranmışdı, bu ölkələr Antantan blokuna qarşı birgə vuruşurdular, təbii müttəfiqlərə çevrilmişldilər.
Bu əməkdaşlıq indi də davam edir. Türkiyə ilə Rusiya arasında tarixi düşmənçiliyə baxmayaraq, bu ölkələr hər iki tərəfə faydalı olan əməkdaşlıq variantını seçiblər. Digər tərəfdən, məlumdur ki, siyasətdə daimi dost və daimi düşmən yox, daimi maraq anlayışı var. Bu maraqlar tələb edir ki, Rusiya ilə Türkiyə düşmən deyil, tərəfdaş olsun. İki ölkə arasında çox geniş iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsi mövcuddur. Bu, sözsüz ki, Azərbaycanın maraqlarına uyğundur.
Çox təəssüf ki, Azərbaycanın xarici siyasət və müdafiə idarələrinin fəaliyyəti ölkə prezidentinin çevik və dinamik siyasəti ilə ayaqlaşmır. Bu strukturlar öz fəaliyyətlərini dövlət başçısının göstəriş və təlimatlarına uyğun qurmalıdırlar. Ermənistanın sərhəd təxribatının davamında prezident İlham Əliyev bütün cəbhələrdə, xüsusilə, diplomatik cəbhədə demək olar, təkbaşına fəaliyyət göstərdi. Bunun nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə o birliyin üzvü olan Ermənistana heç bir dəstək vermədi .
Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi də bu fəaliyyətin tərkib hissəsidir. İşğalçı Ermənistan rəhbərliyinin son bəyanatları göstərir ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması imkanları tükənib, həlledici müharibə qaçılmazdır. Müharibəyə hazırlıq isə təlimlərdən keçir”.
Səxavət Məmməd
www.yenicag.az