Tehran DİŞİNİ GÖSTƏRDİ: İranın Zəngəzur azarı İrəvana MESAJDIR?
İranın ali liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsinin İranın milli təhlükəsizliyi və regiondakı strateji maraqları üçün ciddi təhlükə yaratdığını bəyan edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Vilayətinin sözlərinə görə, bu layihə ABŞ və İsrailin regionda həyata keçirməyə çalışdığı geosiyasi planın tərkib hissəsidir:
“Təklif edilən “Zəngəzur dəhlizi” layihəsi İranın Qafqazla quru əlaqələrini kəsməyə və həm İranı, həm də Rusiyanı cənubdan quru blokadaya salmağa yönəlmiş layihədir”.
İranın rəsmi mövqeyinə görə, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Tehran bu layihəni “Böyük Turan” planının tərkib hissəsi kimi görür və ərazi bütövlüyünə birbaşa təhlükə sayır. Erməni “Telegram” kanallarında yayılan məlumatlara əsasən, İran hesab edir ki, bu dəhlizin reallaşması Cənubi Azərbaycanın mərkəzi İrandan qoparılması təhlükəsini doğurur və bölgədə anti-İran planının gerçəkləşdirilməsinə xidmət edir.
Bildirilib ki, İran Ermənistanla birbaşa quru əlaqəsini saxlamalı və Ermənistan ərazisindən keçən “Şimal-Cənub” dəhlizi vasitəsilə Gürcüstan və Qara dəniz limanlarına çıxış əldə etməlidir. İranın bu mövqeyi həm də ABŞ, İsrail və onların regional tərəfdaşları – Türkiyə, Azərbaycan və Ermənistan hakimiyyətinin birgə həyata keçirmək istədiyi geosiyasi layihəyə qarşı yönəlib.
Mənbələr iddia edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası 2026-cı ildə hakimiyyətdə qalmaq üçün Qərbə, xüsusilə ABŞ və İsrailə loyallıq nümayiş etdirərək Ermənistanı anti-Rusiya və anti-İran platformasına çevirməyə hazırdırlar. Sözügedən mənbələr həmçinin qeyd edirlər ki, əgər Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyası qarşıdan gələn seçkilərdə yenidən hakimiyyəti əldə edərsə, bu Ermənistan üçün faciəvi hadisələrlə nəticələnə bilər. Bu səbəbdən Ermənistan daxilində milli və dövlət yönümlü qüvvələr, o cümlədən Erməni Apostol Kilsəsi hakimiyyət dəyişikliyini prioritet məsələ kimi gündəmdə saxlayır.
Rafi Müslümov