Tehran Vaşinqtonu sıxışdırır: Vurulan nüvə obyektləri danışıqları dəyişəcək
“İran və ABŞ arasında neçə nüvə obyektinin vurulması ilə bağlı ziddiyyətli açıqlamalar var.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Kənan Rövşənoğlu bildirib.
Ekspert qeyd edib ki, İran və İsrail arasında gedən 12 günlük müharibədə ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin dəqiq sayı hələ də mübahisə doğurur:
“ABŞ tərəfi üç obyektin vurulduğunu açıqlasa da, İran yalnız birini təsdiq edir. Bundan əlavə, İran bu zərbələrə görə ABŞ-dan təzminat tələb edir, lakin ABŞ bu tələbi rədd edib. Əslində, hər kəsə məlumdur ki, Vaşinqton belə bir təzminatı ödəməyəcək. Lakin görünür ki, Tehran bu məsələni nüvə danışıqlarında əlavə üstünlük əldə etmək üçün irəli sürür.”
Politoloq həmçinin bildirib ki, məsələ ilə bağlı hər iki tərəfin açıqlamaları ziddiyyətlidir:
“ABŞ prezidenti əvvəlcə üç obyektin tamamilə məhv edildiyini açıqladı. Lakin sonradan Pentaqondakı mənbələr Qərb mətbuatına yalnız bir nüvə obyektinin zərər gördüyünü bildirdi. Hətta prezident Tramp bu məsələ ilə bağlı araşdırma aparılmasına göstəriş verib.”
İran daxilində də məsələyə dair yekdil fikir yoxdur:
“İranda ordu və Sepah nüvə obyektlərinin zərər görmədiyini iddia edir. Lakin xarici işlər naziri Abbas Əraqçi və prezident Məsud Pezeşkiyan ən azı bir obyektin ciddi zərər gördüyünü bildiriblər. Görünür ki, hökumət bu mövzunu nüvə danışıqlarında təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir. Çünki əgər obyektlər dağıdılıbsa, bu zaman İranın danışıqlarda əlavə güzəştlər tələb etmək üçün daha çox arqumenti olacaq. Bu mənada nüvə obyektlərinin vurulması mövzusu Tehranın planlı siyasi gedişidir,” – K. Rövşənoğlu əlavə edib.
Nurlan Cəfəri