Tehrandakı səfirliyimizə hücumla bağlı İran və Rusiyadan inanılmaz AÇIQLAMA: Terrorun arxasında kim var?

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan səfirliyinə hücum rəsmi Moskva üçün şok effekti verib.

Rusiya tərəfinin açıqlamasına münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, məlum silahlı hücumda Rusiyanın əlinin olması istisna deyil:

“Öncəliklə sözügedən hadisənin motivi aydınlaşdırılmalıdır. Məlumata görə, guya silahlı hücum şəxsi motivlidir. Tehran polisinin verdiyi bu məlumat məsələni siyasi motivdən kənarlaşdırmağa hesablanıb. Başqa sözlə, hadisənin siyasi tərəfini ört-basdır etməyə can atırlar. Əlbəttə, bu niyyətə əhəmiyyət verməmək lazımdır. Çünki İranın açıqlaması manipulyasiya xarakterlidir.

Rusiya tərəfinin açıqlamasına gəlincə, regionda yeni siyasi nizam yaranır. Hazırda İranla Rusiya arasındakı müasibətlər kifayət qədər normaldır. Rusiya İrana, İran isə Rusiyaya silah verir. Çünki hər iki dövlət Qərbin hədəfindədir və sözün əsl mənasında bataqlıqdadır. Hər iki ölkə çökür. Bütün hallarda Rusiya heç bir dövlətin, eləcə də İranın regiondakı mövcudluğunu qəbul etmək istəmir. Lakin bu silahlı hücumun Rusiyanın İrandan çəkinəcəyinə əsas verməsinə səbəb olmayacaq. Çünki Rusiya İranı ciddi rəqib kimi görmür. Ortada sadəcə mövqe savaşı var.

Rusiya XİN sözçüsü M. Zaxarovun silahlı hücumla bağlı açıqlaması isə çox maraqlıdır. O, mühafizəçinin qəhrəmanlığını xüsusi vurğulayıb. Lakin Rusiyanın səmimiyyətinə inanmaq lazım deyil. Diqqətçəkən məqam budur ki, ilk açıqlama Rusiyadan gəlib. Siyasətdə mövcud olan qaydaya görə, ilk reaksiya kimdən gəlirsə, ondan müəyyən qədər şübhələnməlisən. Məlum silahlı hücumda Rusiyanın əlinin olduğunu demirəm, amma bu variant da istisna deyil. Əslində İranın Azərbaycana qarşı terror aktı törədəcəyi gözlənilən idi. Çünki İranın Azərbaycana qarşı mövqeyi məlumdur. Xüsusilə də son vaxtlar Azərbaycanla İsrail əlaqələrinin, həmçinin Bakı ilə İrəvan arasındakı münasibətlərin yeni mərhələyə keçməsi bu cür təxribatın baş verməsi ehtimalını gücləndirirdi. Azərbaycan tərəfi İrandakı diplomatlarımızın təhlükəsizliyinin təmin edilməsini tələb etməlidir və ən qısa zamanda təxliyyə olunmalıdırlar”.

Gülşən Şərif