TƏHSİL KREDİTİ: "Müsbət təsir göstərsə də, yeni şərtlər tələbələri çətin duruma salacaq"
“Təhsil Tələbə Krediti tələbələrin nəticələrinə görə təyin edilir”
Bu barədə Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspert, son zamanlar tələbələrin təhsil krediti almaqda çətinlik çəkdikləri ilə bağlı şikayətlərə aydınlıq gətirərək, hansı hallarda və hansı tələbələrə kredit verildiyini izah edib:
“Təhsil Tələbə Kredit Fondu tərəfindən tələbələrə iki növ kredit təyin edilir: sosial kredit və standart kredit. Sosial kredit əsasən əhalinin sosial cəhətdən həssas təbəqələrinə daxil olan tələbələrə verilir. Bu tələbələr, əgər ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olurlarsa, ilk semestrdən kredit almaq hüququna sahibdirlər. Standart kredit isə əsasən birinci semestrin nəticələrinə əsasən təyin edilir. Həmçinin, qəbul balı da istisna hal olaraq nəzərə alına bilər. Qəbul balına isə bakalavr və magistratura səviyyələrində müəyyən limitlər tətbiq olunur.”
E. Əfəndi sosial və standart kreditlərin kimlərə veriləcəyini daha da detallı izah edib:
“Magistratura pilləsində qabiliyyət tələb edən ixtisaslar üzrə minimum 30 bal tələbi mövcuddur. Digər ixtisaslar üzrə isə 100 ballıq sistemdə ən azı 50 bal toplayan tələbələrə ilkin mərhələdə kredit verilə bilər. Əgər tələbənin nəticəsi 50 baldan aşağıdırsa, qabiliyyət tələb etməyən ixtisaslar üzrə bu tələbələrə, birinci semestrin sonunda akademik göstəriciləri yüksək olarsa, kredit verilə bilər. Eyni prinsip bakalavrlara da aiddir. Bakalavrlarda, ixtisasdan asılı olaraq, ən azı 350 bal toplayan tələbələrə başlanğıcda kredit verilməsi mümkündür.”
Nurlan Cəfəri