“Təsəvvür edin insana hər 15 dəqiqədən bir zəng gəlir və “hardasan, neynirsən, salamatsanmı” kimi suallar verilir. Adam bu suallara nə qədər dözəcək?”.
Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Ülviyyə Murtuzova son vaxtlar cəmiyyətdə artan təşviş pozuntusu, qorxu və fobiyalardan danışarkən deyib.
O, stress və həyəcanın yaratdığı təşviş pozuntusunun sonradan ortaya çıxardığı qorxu və fobiyaların insanların yaşamına olan mənfi təsirlərini sadalayıb:
“Təşviş, nevrotik pozuntu psixologiyada çox geniş yayılmış pozuntudur. Cəmiyyətdə bir çox insan daim stress və həyəcan yaşayır ki, bunlar da təşviş yaradır. Təşviş irəlidə ola biləcək hadisəyə qarşı plan qurmağımız, onun nə dərəcədə alınıb-alınmayacağı barədə düşüncəmizdə yaranan suallar toplusu və ona hazır olmağımızı təmin etməyimiz, ona uyğunlaşmağa yönələn duyğudur. Yəni artıq mən bu planı həyata keçirəcəyəm, böyük bir layihəni gerçəkləşdirəcəyəm və s… Təşviş ifrat duruma keçəndə artıq bu hiss qorxuya çevrilir. Qorxu həmin anda bir təhlükə olaraq verilən siqnal reaksiyasıdır. Təşviş pozuntusu insanlarda mütəmadi şəkildə gələcəyə yönələn narahat düşüncə, hətta xroniki gərginlik yaradır. Hətta bu tip insanlar bəzən özünə nəzarət edə bilmir. Çünki təşvişin qorxuya çevrilməsi və bunun ardınca fobiya gəlir. İnsanlar fobikə çevrilir”.
“Təşvişin ən ağır forması generilizə olunmuş təşviş formasıdır”, deyən psixoloq belə bir təşviş forması ilə qarşı-qarşıya qalan insanın yalnız özünü deyil, çevrəsini də çətin psixoloji durumla sarsıtdığını vurğulayıb:
“Bu, insanlarda olan narahatlığın ətrafa yansıması deməkdir. Yəni insanlar doğma insanlarını mütəmadi olaraq arayır, “hardasan, bir hadisə olmayıbmı, salamatsanmı” kimi suallar başlanır. Təsəvvür edin, hər insana hər 15 dəqiqədən bir zəng gəlir və “haradasan, neynirsən, salamatsanmı, bir hadisə baş verməyib ki” kimi suallar verilir. Qarşı tərəf bu suallara nə qədər dözəcək? Təşviş pozuntusu klinik formada ağır hal kimi qəbul olunur. Burada “qorxuram, dəhşətə gəlirəm, öləcəyəm” kimi fobnitik mərhələ başlayır. Ardınca fizioloji mərhələ – ürək döyüntüləri artır və nəfəs darlığı ortaya çıxır. Qaçma və qurtulma istəyi də bir çıxış yolu deyil. Eyni dairə ərafında fırlanmaq kimi bir şeydir. Buna görə də vaxtında tibbi müdaxilə olunmalıdır”.
Cəvahir
www.yenicag.az