Tofiq Yaqublu qızının 40 mərasiminə buraxılacaq?
Bu gün Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun 40 mərasimidir. Yenicag.az xəbər verir ki, Modern.az saytı Tofiq Yaqublunun qızının yas mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Vəkil Nemət Kərimili bildirib ki, ötən həftə Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinə elektron sorğu göndərib: “Müraciətdə bildirmişəm ki, Tofiq Yaqublu qızının 40 mərasimində iştirak etmək üçün bir-iki günlük müddətə buraxılsın. Hələ ki müraciətə rəsmi cavab yoxdur”.
Vəkil Tofiq Yaqublunun buraxılma ehtimalının olmadığını da əlavə edib.
Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Mərhum ötən il ailə qurub, Rusiyada yaşayırdı. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi. Mərhumun aprelin 15-də 7 aylıq körpəsi dünyaya gəlib.
Tofiq Yaqublu Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. 2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib.