“Torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, …”
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.
Cəbhədə itkilərlə üzləşən düşmən Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüş zamanı bildirib.
Müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Müharibə bitməyib, davam edir və biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik” sözlərini xatırladan müdafiə naziri yaxın vaxtlarda hərbi hissələrə təyin ediləcək gənc zabitlərə tövsiyə edib ki, tabelikdəki şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün səfərbər etmək onların başlıca vəzifəsi olmalıdır.
“Tabeliyinizdəki şəxsi heyətə hərbi vərdişləri, vətənpərvərlik hisslərini aşılamaqla onları istənilən anda döyüşə səfərbər etməyi bacarmalısınız. Unutmayın ki, torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır.
Dövlətimizin və xalqımızın dəstəyi nəticəsində Azərbaycanın hərbi qüdrəti getdikcə güclənir. Ordumuzun silahlanmasına müasir döyüş texnikaları, yeni tank və zirehli döyüş maşınları daxil edilir. Amma bu müasir silah və texnika şəxsi heyət tərəfindən bacarıqla istifadə edilməlidir”, – deyə müdafiə naziri əlavə edib.
Keçən ilin yay aylarında və bu il ərzində cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan müdafiə naziri diqqətə çatdırıb ki, həmin dövrdə növbəti dəfə ordumuzun lazımi qədər hərbi gücə malik olduğu sübuta yetirildi(aznews).