ABŞ Ümumi Xidmətlər Administrasiyası (GSA) federal hökumətə aid satışa çıxarılacaq əmlakların siyahısını dərc edib. Onların arasında Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin baş qərargahları da var.
Yenicag.az-ın məlumata görə, bu barədə TASS xəbər verib.
Bildirilir ki, siyahıda 440-dan çox obyekt (qarajlar, ofis binaları, şəhərkənarı evlər və digər daşınmaz əmlaklar) yer alır. Administrasiya tərəfindən verilən açıqlamada bu əmlakların dövlətin işində vacib rol oynamadığı qeyd edilib.
“Onların satışı, vergi ödəyicilərinin dollarlarının artıq boş və ya az istifadə olunan federal qurumların binalarına xərclənməməsini təmin edəcək”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Edqar Huverin (1924-1972-ci illərdə FTB-nin direktoru olub) adı ilə tanınan bina 1975-ci ildə inşa edilib və həmin vaxtdan etibarən büronun baş qərargahı olub. ABŞ Ədliyyə Nazirliyi isə 1935-ci ildə inşa edilmiş və 110 min kvadrat metr sahəsi olan binada yerləşir.
Həmçinin siyahıda 1899-cu ildə neoroman üslubunda inşa edilmiş tarixi baş poçt binası, ABŞ Qızıl Xaç Cəmiyyətinin baş qərargahı, Əmək Nazirliyi, ABŞ Mənzil və Şəhərsalma Nazirliyinin binaları da yer alır.
www.yenicag.az