ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasında potensial milli təhlükəsizlik müşaviri Mayk Vals qeyd edib ki, Tramp Ukrayna və Rusiyanı danışıqlara cəlb etmək istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə o, “Voice of America”ya müsahibəsində bildirib.
Çərşənbə günü, noyabrın 13-də Trampla Respublikaçıların görüşündən sonra Vals deyib ki, Tramp Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmaq istəyir:
“Prezident hər iki tərəfi danışıqlar masası arxasına çəkmək istədiyini açıq şəkildə ifadə etdi. O, bütün diqqətini müharibəni davam etdirməyə deyil, bitirməyə yönəldib”.
O, vurğulayıb ki, Ukrayna ilə bağlı təhlükəsizlik siyasətinin baxışı Trampın qərarından asılıdır.
“Bu, məndən deyil, prezidentin qərarından asılıdır”, – deyə prezidentin milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədliyi irəli sürülən şəxs əlavə edib.
Qeyd edək ki, Co Bayden administrasiyasında milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini Ceyk Sallivan tutur. Müşavir əsas milli təhlükəsizlik məsələləri ilə bağlı Prezidentə məlumat vermək və müxtəlif qurumlarla əlaqələndirmək üçün məsuliyyət daşıyır. Vals isəABŞ ordusunun veteranı və Konqresə seçilən ilk Yaşıl Beretdir (ABŞ Xüsusi Əməliyyat Qüvvələrində xidmət edənlər belə adlandırılır – red.).
Xatırladaq ki, bundan əvvəl məlumat yayılmışdı ki, Tramp tezliklə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlara cavabdeh olacaq xüsusi nümayəndə təyin edə bilər.
Bundan əlavə, Trampın ətrafındakılar Ukraynada müharibəni tez bir zamanda bitirmək vədini yerinə yetirmək üçün cəbhənin silahsızlaşdırılmış zona ilə hazırkı xətt boyunca dondurulması və Ukraynanın NATO-ya qəbulu ilə bağlı 20 illik moratorium ideyasını ehtiva edirlər.
Mayıl Soltanov
www.yenicag.az