Tramp İran bataqlığında: Tehran seçim edəcək - ya təslimçi sülh, ya qanlı qarşıdurma
Dünyada elə bir beynəlxalq və ya regional böhran yoxdur ki, İran böhranı qədər mürəkkəb, çoxvariantlı və riskli olsun.
Yenicag.az xəbər verir ki, bu barədə məşhur “Şarkül Avsat” qəzeti geniş təhlil qələmə alıb.
Təhlildə deyilir ki, bu məsələdə ABŞ Prezidenti Donald Trump hər addımı ölçüb-biçməyə məcburdur. İran problemi nə Rusiya–Ukrayna müharibəsi kimidir, nə də Qəzza ilə bağlı atəşkəs prosesləri. Trampın bəzən dediyi kimi, bunu “24 saata həll etmək” mümkün deyil.
Müqayisə üçün, Venesuela böhranı Tramp üçün sanki “ABŞ-nin arxa bağçası”nda qısa gəzinti idi. Karakasda tətbiq edilən sürətli və sarsıdıcı ssenarinin Tehranda təkrarlanması Vaşinqtonda nəzəri variantlardan biri kimi mövcud olsa da, İran tamamilə fərqli ölçüdə bir məsələdir. Venesuela nümunəsi, əslində, ABŞ-nin beynəlxalq böhranlara yanaşmada yeni üslubunu göstərdi: qəfil, şok effekti yaradan addımlar. Bu isə Trampın televiziya şoularına bənzər şəxsi üslubundan çox, ABŞ-nin qlobal strategiyasındakı dəyişikliklə bağlıdır.
Bu strategiyanın mərkəzində isə Çinin yüksəlişi dayanır. ABŞ üçün əsas təhlükə artıq regional deyil, qlobaldır. Pekinin iqtisadi və strateji gücünün artması Vaşinqtonu bütün böhranlara, o cümlədən İrana bu prizma ilə baxmağa məcbur edir. İran məsələsi də ABŞ üçün Çinin qarşısını almaq siyasətinin bir hissəsinə çevrilib və bu, bir-iki ilin deyil, uzun onilliklərin problemidir.
Burada Tramp dövrü ilə Corc Buş dövrü arasındakı fərq aydın görünür. Buş administrasiyası Yaxın Şərqdəki müharibələri demokratiya və liberal dəyərlər adı altında əsaslandırırdı. Tramp və komandası isə bu cür “idealist” şüarlardan istifadə etmir. Onların yanaşması daha sərt və faydaçı xarakter daşıyır. Məqsəd sadədir: ABŞ-nin qlobal mövqeyini qorumaq və Çinin önünü kəsmək.
Bu kontekstdə İran ən ağır sınaq nöqtəsidir. ABŞ ordusunun Yaxın Şərqdə misli görünməmiş hərbi yığınaq yaratmasına baxmayaraq, Venesueladakı kimi sürətli ssenari Tehranda işə salınmadı. Bu da göstərdi ki, İran məsələsində ABŞ gücünün də sərhədləri var. Tramp İran rejimini ən sərt bəyanatlarla hədələdi, etirazçılara dəstək vədləri verdi, amma sonda ya geri addım atdı, ya da ən azı gözləntiləri tam doğrulda bilmədi.
Buna baxmayaraq, Tramp bu qədər böyük hərbi yığınaq fonunda açıq müharibədən yalnız bir halda qaça bilər: bu gücə uyğun, böyük və strateji bir razılaşma əldə etməklə. Bu razılaşma həm ABŞ seçicisinə çəkilən xərclərin niyə lazım olduğunu izah etməli, həm də Vaşinqtonun İrana qarşı təzyiq və qorxuducu üstünlüyünü aydın şəkildə ortaya qoymalıdır. ABŞ-nin əsas məqsədi İranın bölgədə Amerika maraqlarına və müttəfiqlərinə zərər vermək imkanlarını mümkün qədər zəiflətməkdir.
Bu səbəbdən Vaşinqtonla Tehran arasında yenidən başlayan danışıqların əvvəlki illərdəki kimi məhdud mövzularla kifayətlənməsi real görünmür. Tramp administrasiyası İranın nüvə proqramı, ballistik raketləri və bölgədəki silahlı qruplarla bağlı müəyyən güzəştlər versə belə, klassik razılaşma ilə yetinmək istəmir. ABŞ üçün əsas şərt ondan ibarətdir ki, bu razılaşma İranın ümumi siyasi kursunda dəyişiklik yaratsın.
Rəsmi şəkildə “rejim dəyişikliyi” prioritet elan olunmasa da, İran daxilində ciddi transformasiya olmadan Trampın bu qədər hərbi və siyasi təzyiqi “uğur” kimi təqdim etməsi çətindir. ABŞ-nin gözündə razılaşma İranın davranışında real dəyişikliklə nəticələnməlidir.
Burada yenə əsas məsələ Çindir. ABŞ-nin baxışına görə, İranla istənilən anlaşma Pekinin İrandakı təsirini məhdudlaşdırmalıdır. Bu, neftdən başlayaraq qaz və nadir torpaq elementlərinə qədər uzanan geniş bir sahəni əhatə edir. Unutmayaq ki, Trampın 2018-ci ildə nüvə razılaşmasından çıxmasının əsas səbəblərindən biri də İranın Avropa və Çin bazarlarına daha çox açılması idi. ABŞ–Çin rəqabətinin bu qədər kəskin olduğu bir dövrdə Vaşinqton İranın Çinə açıq qalmasını qəbul etmək istəmir.
Bu mürəkkəb mənzərədə şəxsi faktor da var. Qarşı-qarşıya duran iki fiqur – Əli Xamenei və Donald Tramp – tam fərqli dünyaların insanlarıdır. Xamenei açıq bəyanatlarla Trampı cavab verməyə məcbur edir, Tramp isə geri çəkildikcə üzərindəki təzyiq artır. Bu qarşıdurma təkcə siyasi deyil, həm də psixoloji xarakter daşıyır.
Nəticədə iki ssenari qalır: Ya Tramp İran böhranının ağırlığı qarşısında “güc boşluğu” ilə toqquşaraq geri çəkilmək üçün təhlükəsiz çıxış yolları axtaracaq, ya da İran danışıqlarda ciddi güzəştlərə gedərək faktiki şəkildə təslim olacaq və bu güzəştləri daxildə fərqli formada izah etməyə çalışacaq.
Trampın hələlik hərbi hücumu təxirə salması diplomatiyanın qalib gəldiyi anlamına gəlmir. Ağ Ev və Pentaqon üçün hərbi variant masadan götürülməyib. Sadəcə bu variant çox həssas hesablamalar tələb edir. Üstəlik, İran daxilindəki sosial gərginlik də nəzərə alınır. ABŞ-ın mümkün zərbəsi ölkə daxilində etirazları yenidən alovlandıra bilər. İran rejimi isə iqtisadi çıxış yolu tapmadan və ABŞ ilə razılaşmadan bu gərginliyi uzun müddət idarə edə bilməyəcəyini yaxşı anlayır.
Bu səbəbdən İran böhranı təkcə region üçün yox, Trampın ikinci prezidentlik dövrü üçün də həlledici sınaqlardan biri olaraq qalır.
Amir Aqiloğlu
Yenicag.az












