“Tramp nüvə siqnalı verir” – Rusiyanı çəkindirmək üçün açıq təzyiq addımı atıldı
“Belə bir təziyiq xarakterli addımın atılması müəyyən qədər Rusiyanı çəkindirmək potensialına malikdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Rusiya və Ukrayna müharibəsi fonunda son günlər artan gərginliyin mümkün nəticələrindən və sülh perspektivindən danışıb.
Politoloq bildirib ki, müharibə ətrafında gərginlik daha da artacaq
“Rusiya və Ukrayna arasındakı bu münaqişə tərəflərdən biri məğlub olmayana qədər davam edəcək,” – deyə politoloq qeyd edib.
“Trampın son çıxışlarından da görünür ki, o, artıq Ukraynanı daha açıq şəkildə dəstəkləyir. Bu isə dolayısıyla Rusiyaya bir mesajdır: ‘Sən nüvə silahı kartını oynayırsansa, mən daha sərt cavab verəcəyəm.’”
Hümbətovun fikrincə, Rusiya tərəfindən taktiki nüvə silahının işə salınması ehtimalı azdır. Bunun qarşısında beynəlxalq hüquq və nüvə sazişləri dayanır:
“Beynəlxalq normalara əsasən, beş əsas nüvə dövləti – Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya – bu silahın istifadəsi ilə bağlı qarşılıqlı balans mexanizminə malikdir. Əgər onlardan biri nüvə silahına əl atarsa, digərləri ona qarşı birgə hərəkətə keçə bilər.”
Politoloq hesab edir ki, Trampın son günlərdə sualtı nüvə qayıqlarını hərəkətə gətirməsi, əslində, Rusiyaya verilən ciddi xəbərdarlıq siqnalıdır:
“Bu, açıq şəkildə çəkindirici bir addımdır və müəyyən qədər Rusiyanı təzyiq altında saxlamaq gücünə malikdir. Tramp bununla göstərdi ki, əgər Moskva təhlükəli ssenarini işə salsa, qarşılıq sərt olacaq.”
Hümbətovun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında sülh perspektivi qısa müddətdə real görünmür:
“Hərbi əməliyyatlar dayanmadığı, tərəflərdən biri strateji itki vermədiyi müddətcə masa arxasına keçmək real deyil. Hazırda gərginliyin daha da artacağı gözlənilir.”
Nəsimi Ələsgərli