Tramp və Pentaqon arasında İran anlaşılmazlığı

“Ağ Ev”in İrana qarşı sərt siyasət yürütmək istəyi Pentaqon tərəfindən narazılıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, belə bir iddia ilə Foreign Policy (FP) jurnalı çıxış edib. Buna səbəb kimi Tehranı dəstəkləyən qrupların Suriyada ABŞ güclərini vura bilməsi ehtimalı göstərilib.

Suriyanın cənubundakı Badia çöllüyü İŞİD terrorçularının əlində olub. Artıq ərazinin bir hissəsi İŞİD nəzarətində, bir hissəsi ABŞ və İngiltərənin özəl qüvvələrinin təlim keçdiyi müxalif qrupların, bir hissəsi isə Əsəd qüvvələri və İranın dəstəklədiyi milis qrupları tərəfindən ələ keçirilib.

Rejim və müttəfiqləri ABŞ-ın iki hava hücumuna rəğmən bölgədəki fəaliyyətini davam etdirərək, İraq sərhədinə çatmaqla yanaşı, ABŞ-ın dəstəklədiyi müxalif qrupları da əhatəyə alıb.

İŞİD-lə mübarizə üçün təlim keçən bu qrupların hazırda qruplaşma ilə cəbhə xətti yoxdur. Bu vəziyyət İran və Suriya arasında başdan-başa qırılmayan sərhəd xəttinin yaranma ehtimalını gücləndirir ki, buna görə də rəsmi Vaşinqton narahatlıq keçirir. ABŞ isə bölgədə HIMARS raket sistemi quraraq rejimə gözdağı verib. Belə bir vəziyyətdə “Foreign Policy”də (FP) yer alan xəbərə görə, Pentaqon İrana qarşı daha sərt siyasət yürütməyi müdafiə edən ABŞ prezidenti Donald Trampa qarşı çıxıb. Mənbənin məlumatına görə, Trampın Beynəlxalq Təhlükəsizlik Şurasındakı kəşfiyyat rəhbəri Ezra Cohen Vatnik və Orta Şərq üzrə baş müşaviri Derek Harvey ABŞ-ın Suriyanın cənubunda hücuma keçməsini dəstəkləyib.

Lakin ABŞ-ın müdafiə naziri Ceyms Mattis bu qərara qarşı çıxıb. İrana qarşı sərt siyasətin tərəfdarı olan Mattisin belə mövqe tutması təəccüblə qarşılanıb. ABŞ-ın Baş Qərargah rəisi Jozef Danford və Trampın İŞİD-lə mübarizə təmsilçisi Brett McGurk da Mattislə eyni fikirdə olduqlarını açıqlayıblar.

Mənbənin sözlərinə görə, Suriyanın cənubunda İrana qarşı bir cəbhə açmaq ABŞ-ı Tehranla təhlükəli bir şəkildə qarşı-qarşıya qoya, bölgədəki ABŞ qüvvələrinin hücuma məruz qalmasına səbəb ola bilər. Məhz buna görə də Mattis və Danford bölgədəki ABŞ qüvvələrinin Rakkada İŞİD-lə mübarizəyə istiqamətlənməsinə üstünlük verirlər.
Qeyd edək ki, “Ağ Ev” FP-nin bu mövzuyla bağlı suallarını cavablandırmaqdan imtina edib. Pentaqon isə keçən həftə verdiyi açıqlamada məcbur qalmadıqca Əsəd rejimiylə qarşı-qarşıya gəlməyəcəyini, yalnız bir təhdid olarsa, özünü müdafiə edəcəyini bildirib.

Yenicag.az

COP29