“Çalışmalıyıq ki, zərərverici ideyalar və ideologiyalar bizim cəmiyyətimizə gəlib çatmasın”.
Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv olunmasının Azərbaycan və digər ölkələrə təsirindən danışan Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, uzun illərdir USAID-nin ABŞ adından birbaşa çıxış edərək demokratiya, insan haqları adı altında bir çox ölkələrin cəmiyyətinə aid olmayan dəyərləri təbliğ etdiyi, həmin ölkələrdə inqilablar, çevrilişlər və fərqli dəyərlərə sahib olan gəncliyin yetişdirilməsi ilə məşğul olduğu heç kəsə sirr deyil:
“Bəzən üzdə görünən və görünməyən layihələri müqayisə edərkən həmin dövlətlər anlayıb ki, bu təşkilatın əslində, faydadan çox ziyanı var. Bu baxımdan, Azərbaycan uzun illərdir, USAID-nin fəaliyyətini ölkədə qadağan edib. Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəldikdən sonra verdiyi qərarlar içərisində USAID-nin fəaliyyətinin dayandırılması, həqiqətən, bu təşkilatın ABŞ-nin özünə belə xeyirdən çox ziyanının olduğunun göstəricisidir.
Uzun illərdir aktiv şəkildə USAID-nin maliyyə imkanlarından yararlanan xüsusilə Ermənistan və Gürcüstan da tədricən dövlətlərinə və cəmiyyətlərinə dəymiş ziyanı anlayacaq. Tiflis bu ziyanı hiss etdi və xarici donorların Gürcüstan cəmiyyətində oynadığı rolu düzgün dəyərləndirərək lazımi tədbirlər atdı. Çünki Gürcüstan, ilk növbədə, müstəqilliyini, suverenliyini, öz milli kimliyini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək istəyir. Ermənistan cəmiyyəti də gec-tez bunun təsirlərini anlayacaq. Hərçənd hələ də onlar yuxudan ayılmayıblar.
İstənilən halda Trampın qərarı çox düzgün idi. Faktiki olaraq hələ gördüklərimizdən belə qənaətə gəlirik ki, USAİD milli dəyərlərə zərbə vuran, kənar ideologiyaların cəmiyyətlərə inteqrasiyasını təmin edən, nəticədə isə gənclərin beynini yuyaraq onları hətta öz ata-babalarına qarşı çıxmağı təbliğ edən təşkilat idi. USAID-nin yenidən təşkili zamanı bu incə və vacib nüanslara mütləq fikir veriləcəkdir.
Biz isə çalışmalıyıq ki, zərərverici ideyalar və ideologiyalar bizim cəmiyyətimizə gəlib çatmasın. Hərçənd sosial media vasitəsilə bu işlər onsuz da həyata keçirilir. Uzaq dövr üçün planlanmış layihələrin icrasını vaxtında anlayaraq önləyici addımlar atmalıyıq. Əks təqdirdə, biz külli miqdarda vəsaitlər xərcləyərək dəymiş ziyanı aradan qaldırmalı olacağıq. Hətta vəsaitlər də buna kifayət etməyəcək. Çünki bunun üçün nəsillərin dəyişməsi lazımdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az