Trampdan xüsusi Venesuela SSENARİSİ – Maduro ilə bağlı gözlənilməz SON
“Bayden Rusiyaya o qədər sərt sanksiyalar tətbiq edib ki, indi yeni sanksiya qoymaq üçün istəsələr də, variant tapa bilmirlər”.
Bu fikri ABŞ-nin Müdafiə Nazirliyini Müharibə Nazirliyi etməsi, Venesuela ilə toqquşma həddinə çatması və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, ABŞ narkotik kartellərinə qarşı mübarizəsini davam etdirəcək:
“ABŞ-də əvvəllər sözügedən nazirliyin adı müharibə nazirliyi olub, sonradan onu müdafiə nazirliyi ediblər. Tramp isə yenidən adı geri qaytardı. O, həm birinci, həm də ikinci hakimiyyəti dönəmində çalışır ki, münaqişə ocaqları olmasın. Onun seçkiqabağı platformasına nəzərə saldıqda sülh əsas yerdə dururdu. Trampa sual verəndə ki, niyə müharibədən qaçırsan? Cavabı belə olmuşdu ki, dünyada münaqişə olan kimi, ABŞ istəsə də, istəməsə də tərəf ola bilir”.
Y. Bağırzadəyə görə, Venesuela neftinin 60-70 faizi ABŞ şirkətlərinin əlindədir:
“Venesuelanın böyük qızıl ehtiyatı da var. Söhbət təkcə Nikolas Maduronun devrilməsindən də getmir. Venesuelada narkokartellər var və onların əsas ixracat yeri ABŞ-dir. ABŞ ona görə də bunun kökün kəsmək istəyir. Maduronun özünün də narkokartellərə aidiyyəti olduğu deyilir. Əvvəl Meksika daha təhlükəli idi, ona görə də Tramp Meksika ilə beton sədd çəkdi”.
O, Venesuelada hakimiyyət dəyişikliyi olacağına inanmadığını söyləyib:
“Venesuela ABŞ ilə razılaşmalıdır, başqa yolu yoxdur. Yaxınlarda Avropa İttifaqının liderləri Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ABŞ-yə yığışırlar. Ola bilsin ki, yenidən sanksiya tətbiq olunsun. OPEC+ da iclas keçirdi və hasilatın qaldırılması ilə bağlı razılıq əldə olundu. Çünki sanksiyalar tətbiq olunanda neftin qiyməti qalxır. Onun qarşısını almaq üçün hasilat artırılmalıdır. Bayden Rusiyaya o qədər sərt sanksiyalar tətbiq edib ki, indi yeni sanksiya qoymaq üçün istəsələr də, variant tapa bilmirlər. Ona görə də ikinci dövlətlərə sanksiyalar tətbiq edə bilərlər. Venesuela neft və narkotik məsələlərində çox önəmlidir, ancaq Tramp müharibədən qaçır”.
Səxavət Məmməd