Trampın komandasında İranla bağlı BÖLÜNMƏ – Müharibə planı MASADADIR?

media-hightechnic-468x90

 

“Tramp administrasiyasının daxilində İran məsələsi ilə bağlı iki fərqli mövqe mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi ABŞ-nin müdafiə naziri Pit Heqsetin “X” hesabında İranla bağlı paylaşımına münasibət bildirib.

Xatırladaq ki, Pentaqon rəhbəri Tehranın Yəməndəki husi hərəkatına açıq dəstək verməsi ilə bağlı İranı təhdid edib. O, söyləyib ki, ABŞ cəzasını istədiyi vaxtda və yerdə verəcək.

Prosesləri şərh edən analitik əmindir ki, birinci mövqedə prezident Trampın da daxil olduğu bir qruplaşma İrana qarşı siyasi-diplomatik müzakirələrin sonadək davam etdirilməsində israrlıdır:

“Onlar hesab edirlər ki, danışıqların nəticəsi olaraq yekun qərar qəbul edilməlidir. Bu qrup əvvəlcədən də bəyan edir ki, əgər danışıqlar uğurla nəticələnməsə, yekun qərar kimi İrana qarşı hərbi müdaxilə variantı nəzərdən keçiriləcək. Yəni Trampın rəhbərlik etdiyi bu qruplaşma hərbi əməliyyatları sonuncu və ehtiyat variant kimi saxlayır”.

E. Xalidbəyli əlavə edib ki, bütün bunlara baxmayaraq, administrasiya daxilində başqa bir qruplaşma da var:

“Bu qrup açıq şəkildə siyasi və diplomatik müzakirələri əhəmiyyətsiz sayır və hesab edir ki, İranla razılaşmaq mümkün deyil. Ona görə də vaxt itirmədən, məsələnin dərhal hərbi yolla həll edilməsinin tərəfdarıdır. Bu qruplaşmaya müdafiə naziri Pit Heqset, eyni zamanda, vitse-prezident Ceyms Devid Vins və dövlət katibi Marko Rubio daxildir. Onlar radikal hərbi qərarların qəbul olunmasında israrlıdırlar və hesab edirlər ki, İrana qarşı hərbi müdaxilə nə qədər tez baş tutsa, problem bir o qədər tez həll olunacaq”.

“Yəni məsələnin mahiyyəti, əsasən. bundan ibarətdir. Lakin hələlik prezident Tramp hesab edir ki, hərbi müdaxilənin gündəmə gətirilməsi və ya ön plana çəkilməsi hələ tezdir. Onun fikrincə, tərəflər arasında anlaşma imkanları tam tükənməyib və problemi hərbi müdaxiləyə əl atmadan da həll etmək mümkündür”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600