Trampın Körfəz səfərinin səbəbi BU İMİŞ – Ərəblər niyə Vaşinqtona “dolya” VERDİLƏR?
“ABŞ prezidenti Donald Trampın ötən ay baş tutan Körfəz səfərinin əsas məqsədi İsrail ətrafında yeni bir regional təhlükəsizlik arxitekturası qurmaq və bu istiqamətdə ərəb monarxiyalarının dəstəyini təmin etmək olub”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, ABŞ lideri Donald Trampın ötənaykı Körfəz ölkələri səfərinin siyasi səbəblərini izah edib.
Qeyd edək ki, bu yaxınlarda Qərb medialarında dərc olunan məlumatlara görə, Ağ Ev rəhbərinin Körfəz ölkələrinə səfərinin əsas səbəbi bilavasitə onların təkidi ilə baş tutub. Ağ Evdəki mənbələrin sözlərinə görə, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi aparıcı ərəb dövlətləri ilə bağlanan 4 trilyonluq sazişin əsas mahiyyəti məhz ABŞ-İsrail tandeminin İranın nüvə obyektlərinə hücum edilməsinin qarşısının alınması üçün imzalanıb.
Belə ki, bir sıra analitiklər əmindirlər ki, ərəb ölkələrinin Tramp administrasiyasına “dolya” verməsinin səbəbi Fars körfəzində mümkün İran-ABŞ savaşı zamanı zərər görməkdən yayınmaq məqsədilə həyata keçirilib.
Prosesləri şərh edən A. Hüseynov söyləyib ki, Tramp administrasiyası bölgəyə açıq şəkildə iqtisadi və strateji məqsədlərlə yanaşırdı:
“Bu səfər çərçivəsində o, ərəb monarxiyalarından həm maddi dəstək aldı, həm də onların ABŞ-nin regional planlarına siyasi razılığını təmin etdi. Xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlanan hərbi və iqtisadi anlaşmalar, həm ABŞ iqtisadiyyatı üçün qazanc, həm də İsrailin təhlükəsizliyi üçün zəmanət idi. Ərəb dövlətləri üçün əsas prioritet İranın hərbi gücünün birbaşa zərbə almasının qarşısını almaqdan daha çox, öz rejimlərinin sabitliyini və iqtisadi maraqlarını qorumaq idi. Yəni İranın vurulması məsələsində sərt mövqe tutmaq əvəzinə, onlar Vaşinqtonla əməkdaşlıq vasitəsilə həm təhlükəsizlik təminatları almağa, həm də regional güc balansında öz yerlərini qorumağa çalışırdılar”.
Onun sözlərinə görə, digər mühüm məsələ isə Qəzza zolağında HƏMAS-ın zəiflədilməsi idi:
“ABŞ və İsrail üçün HƏMAS yalnız silahlı qruplaşma deyil, həm də bölgədəki sabitliyi pozan bir aktor olaraq qəbul edilir. HƏMAS-ın hələ də ayaqda qalması və Qəzzadakı təsirini qoruyub saxlaması, həm ərəb ölkələrinin daxili təhlükəsizliyi, həm də İsrailin ətrafında formalaşdırılmağa çalışılan təhlükəsizlik sisteminə təhdid olaraq qiymətləndirilir. Bu səbəbdən də HƏMAS-ın təkcə hərbi yox, eyni zamanda siyasi baxımdan da zəiflədilməsi regional strategiyanın əsas hədəflərindən biridir”.
“Məhz bu səbəbdən, münaqişə başlayandan etibarən təkrar-təkrar qeyd edirəm ki, Amerika gələcəkdə bölgədəki əsas oyunçuları – İsraili, Misiri, Körfəz ölkələrini və bəlkə də Fələstin Dövlətini bir masa arxasında birləşdirərək HƏMAS-ın yerinə keçəcək yeni bir idarəetmə formasını, yəni konsorsium idarəsini təklif edə bilər. Belə bir struktur həm Qəzzanın idarə olunması məsələsində ortaq məsuliyyət yaradacaq, həm də ABŞ-nin bölgədəki əsas tərəfdaşlarının maraqlarını uzlaşdırmağa xidmət edəcək”, – deyə o, əlavə edib.
“O ki qaldı İrana, İranın hərbi baxımdan birbaşa vurulması məsələsi, ola bilsin ki, hazırkı mərhələdə dondurulub. Lakin bu mövzu heç vaxt ABŞ-nin strateji gündəmindən çıxmayıb. Tramp administrasiyası tərəfindən bu məsələ bir neçə dəfə ritorik səviyyədə gündəmə gətirilsə də, genişmiqyaslı qarşıdurmadan çəkinmək seçildi. Buna baxmayaraq, İranın nüvə proqramı, regiondakı silahlı qruplara verdiyi dəstək və geosiyasi ambisiyaları səbəbilə bu məsələ ABŞ üçün hər zaman “dondurulmuş”, amma “tam bağlanmamış” bir təhlükə olaraq qalır”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov