Trampın "nə olursa-olsun, sülh olsun" PRİNSİPİ: Ukrayna üçün çıxılmaz vəziyyət - TƏHLİL
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı, əsasən, müharibəni dayandırmaq məqsədi daşısa da, onun məzmunu ciddi mübahisələr doğurur, çünki planın strukturu Rusiyanın maraqlarına daha çox uyğun görünür.
Yenicag.az xəbər verir ki, Trampın irəli sürdüyü 28 maddəlik sülh planı Ukraynanın müəyyən əraziləri, xüsusilə Donetsk və digər işğal olunmuş bölgələri Rusiyaya verməsini nəzərdə tutur.
Bu, Kremlin uzun müddətdir, təkrar etdiyi tələblərlə üst-üstə düşür və Ukraynanın suverenliyi baxımından ciddi narahatlıq yaradır. Plan həmçinin Kiyevin ordusunun ölçüsünü məhdudlaşdırmağı, NATO-ya üzvlükdən imtina etməyi və neytral statusu qəbul etməyi şərtləndirir. Bu isə Ukraynanın təhlükəsizlik arxitekturasını zəiflədərək onu gələcəkdə daha asan təzyiqə məruz qalmasına şərait yarada bilər.
Trampın yanaşmasının mərkəzində “qan tökülməsini dayandırmaq” ideyası dayanır. O, müharibənin bitməsini hər şeydən üstün tutduğunu, detallara isə daha elastik yanaşdığını bildirir. Bu baxımdan, planın əsas gücü onun praktiki olaraq dərhal atəşkəsə nail olmağa yönəlməsidir. Lakin bu elastiklik Ukrayna üçün təhlükəli kompromislərə yol açır. Çünki Zelenski hökumətinin “qırmızı xəttləri” var: ərazi bütövlüyündən imtina etməmək, ordunun gücünü qorumaq və NATO ilə əlaqələri tam kəsməmək.
Rusiyanın planla bağlı reaksiyası da maraqlıdır. Kreml bəzi məqamları “müsbət” adlandırsa da, ümumilikdə sənədin ciddi müzakirə tələb etdiyini vurğulayıb. Bu, əslində, Moskvanın planı öz maraqlarına uyğunlaşdırmaq üçün əlavə imkanlar axtardığını göstərir. Avropa liderləri isə sənədi tənqid edərək onun balanssız olduğunu, Rusiyanın işğalını legitimləşdirdiyini qeyd edirlər.
Beləliklə, Trampın sülh təşəbbüsü bir tərəfdən müharibənin dərhal dayandırılması üçün real mexanizm kimi görünür, digər tərəfdən isə Ukraynanın dövlətçiliyini zəiflədən və Rusiyanın mövqelərini gücləndirən bir çərçivədir. Bu planın uğuru yalnız tərəflərin kompromisə hazır olmasından asılıdır, amma kompromisin dəyəri Ukrayna üçün olduqca ağır ola bilər. Əgər Kiyev bu şərtləri qəbul edərsə, müharibə dayana bilər, lakin uzunmüddətli perspektivdə Ukraynanın müstəqilliyi və təhlükəsizliyi ciddi risk altına düşəcək.
“Yeni Çağ” Analitik Qrupu












