Trampın Rusiyaya BAXIŞI DƏYİŞİR: “Kökə”dən “qamçı”ya KEÇİD

media-hightechnic-468x90

“Məsələ burasındadır ki, ABŞ-Rusiya arasındakı hazırkı münasibətlər enişli-yoxuşlu bir dövrdən keçməkdədir. Tramp əvvəllər Rusiyaya qarşı daha müsbət mövqe sərgiləmişdi. Hətta Pit Heqset müdafiə naziri kimi çıxışlarında bildirmişdi ki, Rusiya və Ukrayna məsələsində ABŞ heç vaxt Ukraynaya ordu göndərməyəcək. O, Ukraynanın heç vaxt NATO üzvü olmayacağını da demişdi. Bu çıxış tənqid edilmişdi, çünki artıq həmin dövrdə belə yanaşma Rusiyanın əlini gücləndirmək kimi qiymətləndirilmişdi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

media-5h2xmzwrafswajrcws1s

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın son günlər Rusiya lideri Vladimir Putinlə münasibətlərində yaranan soyuqluqların siyasi pərdəarxasını şərh edib.

S. Zahidov əlavə edib ki, danışıqlar masasında Trampın Putinə dair müsbət fikirləri, onu “qəhrəman” adlandırması və digər bəyanatları da geniş müzakirələrə səbəb olmuşdu:

“Lakin sonradan bu mövqedə müəyyən dəyişikliyin şahidi olduq. İndi isə Tramp son çıxışlarında Putini bir növ, belə deyək, qeyri-praqmatik “dəli” adlandırır və onun hazırkı addımlarının Rusiyanı tənəzzülə uğradacağını bildirir. Bu artıq onu göstərir ki, ABŞ-Rusiya münasibətlərində ciddi sarsılmalar var. Əslində, mən bu ssenarinin niyə baş verdiyini anlayıram. Tramp əvvəllər düşünürdü ki, Rusiyaya qarşı neytral mövqe sərgiləməklə hər iki tərəfi danışıqlar masasına oturda bilər və beləcə, iki ölkə arasında atəşkəsin imzalanmasına nail olar. Tramp seçkiqabağı platformasında da vəd vermişdi ki, əvvəlcə bir gün ərzində, sonra isə 100 gün ərzində müharibəni bitirəcək. Amma əfsuslar olsun ki, bu məsələdə Tramp ciddi bir nailiyyət əldə edə bilmədi. Mart ayında imzalanan atəşkəs razılaşması belə yerinə yetirilmədi. Vaxt keçdikcə, ABŞ bu prosesdə iştirak etdikcə, onun beynəlxalq statusuna da zərbə dəyir. Çünki bütün dünya görür ki, ABŞ belə bu müharibəni dayandıra bilmir. Halbuki Tramp istəyirdi ki, bu hərbi münaqişə bitsin və hər iki ölkə ilə ticari-iqtisadi əlaqələr yaradılsın. O, həmçinin hər iki ölkənin mineral resurslarını istismar etməyi və siyasi cəbhədə Ukraynadan çəkilərək diqqəti Yaxın və Orta Şərq, eləcə də Çin istiqamətinə yönəltməyi planlaşdırırdı”.

Analitikin fikrincə, bu baş vermədiyindən, görünən odur ki, Trampın səbir kasası dolmaqdadır:

“O artıq daha real şəkildə Rusiyanın bu prosesdə səmimi olmadığını anlayır. Əvvəllər Rusiyaya qarşı “kökə” siyasəti yürüdürdüsə, indi “qamçı” siyasəti ilə Rusiyanı müəyyən çərçivəyə salmağa çalışır. Yəni sərt ritorika ilə Rusiyanı nəzarət altına almağa çalışır. Lakin düşünürəm ki, bu da ciddi nəticə verməyəcək. Çünki indiyə qədər daha sərt ritorika nümayiş etdirən Bayden hakimiyyəti də Rusiyaya təsir edə bilmədi. İndi də zənn etmirəm ki, Rusiya öz mövqeyindən geri çəkiləcək. Rusiya hazırda mümkün qədər çox ərazi ələ keçirmək və Ukraynanı daha əlverişsiz razılaşmaya məcbur etmək niyyətindədir. Bu gün baş verənlər də bunu göstərir. Çünki sülh istəyən bir ölkə bir gündə 360-dan çox dronla hücum etməz. Ona görə də Tramp və onun komandası da artıq anlayır ki, hazırkı proseslər nə sülhə, nə də atəşkəsə aparır. Bu isə təbii olaraq Avropanın silahlanmasına, Amerikanın daha sərt siyasət yürütməsinə və əfsuslar olsun ki, Rusiya–Ukrayna müharibəsinin uzanmasına gətirib çıxaracaq”.

Rafi Müslümov

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600