Trampın “U” DÖNÜŞÜ – Putinə qarşı münasibəti niyə DƏYİŞDİ?
“Donald Tramp ilə Vladimir Putin arasında münasibətlərin xarakteri müəyyən qədər fərqlidir. Əgər onların jestlərinə diqqətlə nəzər salsaq, Trampın Putinə qarşı müəyyən valehlik və simpatiya hissi keçirdiyini müşahidə etmək olar. Tramp hər nə qədər zaman-zaman Rusiya ilə bağlı sərt açıqlamalar versə də, görüşlərdə bədən dili və ifadə tərzi göstərirdi ki, Putin Trampa öz legitimliyini qəbul etdirə bilmişdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin Ukraynam əsələsində güzəştə getməməsi ilə bağlı səsləndirdiyi fikirlərə, o cümlədən Moksvaya qarşı yeni sanksiya paketlərinin elan olunması məsələsinə münasibət bildirib.
Analitik əmindir ki, son açıqlamalarında Tramp açıq şəkildə bildirir ki, o vaxtlar Putinə güvənmişdi, lakin bu gün həmin etimadı itirdiyini və Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini düşünür:
“Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiya onsuz da illərdir müxtəlif sanksiyaların təsiri altındadır. Mövcud sanksiyalar ölkə iqtisadiyyatını zəiflətmək əvəzinə, bəzi sahələri daha da gücləndirib. Məqsəd göstəricilərin aşağı salınması olsa da, Rusiya çox vaxt bu sanksiyaları iqtisadi adaptasiya və daxili istehsalın artırılması ilə kompensasiya edə bilib”.
Müsahibimizin fikrincə, bundan sonrakı mərhələdə Trampın və ya ABŞ administrasiyasının tətbiq edəcəyi əlavə sanksiyaların Rusiyanı tam olaraq sıxışdırıb-sıxışdırmayacağı böyük sual altındadır:
“Çünki ABŞ-nin özü Yaxın Şərqdə, xüsusilə İsrailin fəaliyyətlərini tənzimləməkdə çətinlik çəkir. Bu şəraitdə Rusiya “əgər siz dünyanın bir tərəfində istədiyinizi edirsinizsə, mən də öz maraqlarımı müdafiə edəcəyəm” prinsipinə əsaslanaraq siyasətini davam etdirir. Bu səbəbdən, yeni sanksiyaların Rusiyanın iqtisadiyyatına çox ciddi zərbə vuracağına inanmaq çətindir. Rusiya artıq uzun müddətdir sanksiyalar mühitinə uyğunlaşaraq, daxili bazar və alternativ tərəfdaşlarla iqtisadi fəaliyyətini qorumağa çalışır”.
Rafi Müslümov