Trampın yeni GÖMRÜK SİYASƏTİ: “Yuxudan duran kimi beyninə gələnləri yazır”
“Belə fikrin səsləndirilməsində əsas məqsəd Trampın danışıqları öz istədiyi kimi istiqamət verməsindən ibarətdir”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, ABŞ prezidenti Donald Trampın Avropa İttifaqından gələn mallara 50 faizlik gömrük rüsumunun tətbiqi zərurəti barədə yaydığı bəyanatı təhlil edib.
İqtisadçı bildirib ki, o, yuxudan duran kimi özünün “TruthSocial” şəbəkəsini açır və beyninə gələnləri yazır:
“Güman edirəm ki, buradan kimlərsə manipulyasiya olunur və ya hansısa qazanclar, yaxud digər məqsədlər güdülür. O, yalnız Avropaya yox, hətta özlərinin “Apple” şirkətinin ABŞ-də istehsal olunmayan “iPhone”larına da 25% rüsum tətbiq ediləcəyi ilə bağlı məlumat paylaşır. Bu birjalara ciddi mənfi təsir edir. Çünki ticarət müharibələrinin zəifləyəcəYinə ümidli idilər”.
“Trampın tarif hədə-qorxusu daha çox qarşı tərəfi istədiyi razılaşmalara məcbur etmək məqsədi daşıyır. Danışıqlar üçün Avropaya verilən 90 günlük möhlət, görünür ki, onu qane etməyib. Bir sözlə, belə fikrin səsləndirilməsində əsas məqsəd Trampın danışıqları öz istədiyi kimi isitqamət verməsindən ibarətdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli