Türk Dünyasında səhiyyə körpüləri qurulur - Nazirdən tam dəstək
EkoAvrasiya Vəqfinin nümayəndə heyəti Türkiyə Respublikasının Səhiyyə naziri, professor doktor Kemal Memişoğlunu ziyarət edərək Türk Dünyası vizyonu və səhiyyə sahəsində planlaşdırılan yeni layihələr ətrafında fikir mübadiləsi aparıb.
Avrasiya coğrafiyasında ictimai diplomatiya fəaliyyətləri həyata keçirən EkoAvrasiya Vəqfi Türkiyə Respublikasının Səhiyyə naziri, professor doktor Kemal Memişoğluna nəzakət və işgüzar səfər edib. EkoAvrasiya Vəqfinin Himayədarlar Şurasının sədri doktor Hikmət Eren vəqfin yarandığı gündən bu günə qədər həyata keçirdiyi beynəlxalq fəaliyyətlər və Türk dövlətləri ilə münasibətlərin gücləndirilməsinə yönəlmiş işlər barədə ətraflı təqdimatla çıxış edib.
Görüş zamanı Türk respublikaları arasında əməkdaşlıq proseslərində səhiyyə sektorunun strateji əhəmiyyəti xüsusi vurğulanıb. EkoAvrasiya Vəqfinin ictimai diplomatiya sahəsindəki təcrübəsinin səhiyyə yönümlü layihələrlə birləşərək Türk dövlətləri arasındakı əlaqələri daha da möhkəmləndirəcəyi bildirilib.
Görüşdə EkoAvrasiya Vəqfinin fəaliyyətlərini yaxından izlədiyini bildirən səhiyyə naziri professor doktor Kemal Memişoğlu, vəqfin həyata keçirdiyi ictimai diplomatiya fəaliyyətlərinin Türkiyənin “yumşaq gücü” baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Nazir Memişoğlu yaxın dövrdə vəqfin səhiyyə sahəsində reallaşdırmağı planlaşdırdığı layihələrə dəstək verməkdən məmnuniyyət duyacaqlarını ifadə edib.
Ziyarətdə EkoAvrasiya Vəqfinin Himayədarlar Şurasının sədri doktor Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kamal Kurnaz, EkoAvrasiya Məsləhət Şurasının üzvləri professor doktor Murad Dinçər, dosent doktor Hilmi Kodaz və Tahsin Özkurt iştirak ediblər.
Görüşün sonunda səmimi qəbula və Türk Dünyasına yönəlmiş uğurlu fəaliyyətlərinə görə EkoAvrasiya heyəti tərəfindən nazir Memişoğluya xatirə plaketi təqdim olunub.













