Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.
Yenicag.az xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” Şirkətlər Qrupu, “Mustafazade Group” və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.
Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə, əvvəlcə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.
Tədbirin açılış çıxışını edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğulayıb ki, Qarabağ zəfəri Türk Dünyası üçün yeni bir dövrün başlanğıcı olub.
O bildirib ki, 2020-ci ilə qədər müxtəlif məsələlər müzakirə olunsa da, bu gün Azərbaycan Prezidentinin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çıxışı türk dünyası üçün yol xəritəsi rolunu oynayır:
“Biz hesab edirik ki, gənclər daha aktiv olmalıdır. Burada həm də medianın, QHT-lərin və xüsusilə gənclərin üzərinə ciddi bir missiya düşür. Biz türk dünyası – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan nümayəndələri olaraq davamlı şəkildə bu cür tədbirlər keçirməliyik”.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə isə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı olan münasibətləri arasındakı fərqə diqqət çəkərək bildirib ki, hazırkı qlobal güclərin dövlətlərə və insanlara münasibəti ilə türk dünyasının münasibəti arasında ciddi fərq mövcuddur.
Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, doktorant, aktivist Rəşid Mustafazadə, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Ərdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.
Tədbir daha sonra sual-cavab sessiyası ilə davam edib.
www.yenicag.az