Türk mediası Əlixan Musayevdən yazdı: O, tələsik bu addımı atdı
İŞİD təbliğçisi Əlixan Musayevin Küveytin “İslam İrsinin Dirçəlişi Cəmiyyəti” adlı təşkilatı ilə əlaqələrinin və 10 milyon dollardan çox yeyinti faktının üzə çıxmasından sonra onun ölkəni tələsik tərk etdiyini xəbər vermişdik.
Yazımızın dərcindən cəmi altı saat sonra Ə. Musayev Türk Hava Yollarına məxsus TK337 reysi ilə İstanbula yola düşmüşdü.
Hərçənd o, sosial şəbəkələrdə “Bakıdayam” mesajı versə də, bu iddianı sübut edən heç bir görüntü təqdim edə bilməmişdi. Tələsik qaçdığı üçün əlində öncədən hazırlanmış belə bir video materialı yox idi. Bağlı bir məkanda çıxış edərək ölkədən çıxmadığını ciddi-cəhdlə iddia etməyə çalışırdı. Biz yalnız onun özünün getdiyini qeyd etsək də, o, yanında olan şəxsləri də (adları bizə məlumdur) nəzərdə tutaraq “Biz Bakıdayıq” deməklə vəziyyətdən çıxmağa çalışmışdı.
O gün nümayiş etdirdiyimiz əminliklə indi də bildiririk ki, Əlixan Musayev bu gün səhər Bakıya qayıdıb. Yaxınlarının bildirdiyinə görə, buna səbəb son günlər Türkiyədə İŞİD-lə mübarizənin sərtləşməsi və yerli mediada onun haqqında silsilə yazıların dərc olunmasıdır. Türkiyə polisinin İŞİD-ə qarşı ardıcıl əməliyyatlar keçirməsi və Musayevin adının bu proseslərdə hallanması qonşu ölkəni onun üçün təhlükəli zonaya çevirib. Eyni zamanda, Bakıdan gələn gözlənilməz zəng də onun səfərini yarımçıq qoyub geri qayıtmasına səbəb olub.
Mövzunu diqqətdə saxlayırıq.













