Türk ordusunun nəfəsi SDQ-nin ƏNSƏSİNDƏ – Qruplaşma Suriyaya BİRLƏŞƏCƏK?
“Onlar Ankara ilə hesablaşmalı olacaqlar”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
O, Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdinin vahid Suriya ordusunu dəstəkləyən bəyanatını şərh edib.
Analitik SDQ-nin yerli hakimiyyəti dəstəkləməkdən başqa şansı olmadığını bildirib:
“SDQ-nin silahlı qüvvələrinin Suriyanı Müdafiə Nazirliyinin tərkibinə qoşulmaqdan başqa variant yoxdur. Əgər SDQ Suriyanın vahidliyini dəstəkləməyib bölgədə terrorçuluq fəaliyyətini davam etdirəcəksə, onları çox acı nəticələr gözləyir. Çünki Bəşər Əsəd rejimin devrilməsindən sonra Yaxın Şərqdə, xüsusən də Suriyada Ankaranın dominantlığı ilə yeni geosiyasi reallıq yaranıb. Bu reallığı diktə edən tərəf Ankaradır. Məhz bunun nəticəsidir ki, 40 ildən artıq fəaliyyət göstərən PKK terror təşkilatı özünü buraxmaq məcburiyyətində qalmalı oldu”.
M. Bünyadlı qeyd edib ki, SDQ və digər silahlı qruplar azlıq olduğunun və hakimiyyətlə eyni strategiyanı bölüşməkdən başqa alternativləri olmadıqlarını çox yaxşı başa düşürlər:
“SDQ və ona himayədarlıq edən qüvvələr də bölgədə yaranmış reallığın fərqindədirlər və bu reallığa uyğun addım atmaq zorundadırlar. SDQ danışıqlar yolu ilə vahid Suriyanın formalaşmasında yaxından iştirak etməzsə və müqavimət göstərərlərsə, onları yaxşı sonluq gözləmir. Bildiyiniz kimi, Ankaranın bölgədə terrorçu təşkilatlara qarşı qətiyyətli mövqeyi ortadadır və onlar ənsələrində türk ordusunun yumruğunu hiss etməli olacaqlar. Ona görə də SDQ və digər silahlı qrupların vəziyyətdən ən yaxşı çıxış yolu özlərini buraxıb Suriyanın Müdafiə Nazirliyi tərkibində vahid komandanlıq altında fəaliyyət göstərməsidir”.
M. Bünyadlı etiraf edib ki, bu proses uzun və vaxt aparan olsa da, zamanla ordu və digər qüvvələr uzlaşmağı bacaracaq:
“Təbii ki, bu proses elə də asan olmayacaq və bu zaman tələb edən məsələdir. Çünki illərlə formalaşan və bölgədə maraqlı güclərin təsiri altında olan silahlı qruplaşmanın birdən-birə silahı buraxmasını da düşünmək sadəlövhlük olardı. Digər məqam isə bölgədəki aktorların hələ də SDQ və digər qruplaşmalar üzərində təsirləridir. Məqsəd onlardan bölgədə maraqlarını təmin etmək üçün istifadə etməkdədir. Bundan sonra da böyük güclər SDQ-dən bölgədə gərginliyin davam etməsi üçün istifadə etməyə çalışacaq”.
“Proses ağrılı olacaq, amma SDQ-nin Suriyanın yeni hakimiyyətinə tabe olmaq və ölkənin vahidliyini dəstəkləməkdən başqa alternativi yoxdur. Əksi onların məhvi deməkdir. İnanmaq istərdik ki, SDQ və digər qüvvələr uzaqgörənlik nümayiş etdirib bölgədə sülh, sabitlik, inkişaf və öz gələcəkləri naminə belə bir addım atacaqlar”. – deyə o, fikirlərini yekunlaşdırıb.
Nurlan Cəfəri