Reklam

Reklam

Türkiyə Suriyadakı ərəb tayfa və qəbilələrinin üzvlərindən ibarət yeni ordu yaratmağı nəzərdə tutur.

Yeniçağ.Ru-nun məlumatına görə, Suriyadakı ərəb tayfalarının liderləri onlara məxsus ərazilərin terrorçu İraq-Şam İslam Dövləti (İŞİD) və terrorçu PKK-nın Suriya qanadı olan PYD-dən azad edilməsi üçün yeni ordu qurulmasına müsbət yanaşıblar.

Suriyanın Rakka, Haseke və Deyr-əz-Zor bölgələrində məskunlaşmış 50-yə qədər ərəb liderləri Türkiyənin Şanlıurfa şəhərində müşavirə keçirərək, Rusiya ilə İranın dəstəklədiyi Əsəd rejiminə, “Hizbullah”, İŞİD və PYD-yə qarşı mübarizədə səyləri birləşdirmək qərarına gəliblər.

Müşavirənin yekununa dair “Suriya tayfa və qəbilələrinin Ali Məclisi”nin nümayəndəsi Mudar Haməd əl-Əsədin imzası ilə yayılmış bəyanatda bildirilir ki, tayfa başçıları “Əl-Cəzirə və Fərat Ordusu” adlı hərbi birləşmə yaratmaq niyyətindədir.
Sənəddə qeyd olunur ki, yaradılacaq orduya Əsəd rejimi hərbi qüvvələrini tərk etmiş zabitlər, o cümlədən Azad Suriya Ordusunun komandirləri rəhbərlik edəcəklər.

Yeni ordu ilə bağlı danışan “Şüəytat” qəbiləsinin başçısı Rafi ər-Rako Ukla bunları deyib:

“ABŞ terrorçu İŞİD-dən fərqlənməyən PYD-ni dəstəkləyir. PYD terrorçuları 50-dən çox kənddən ailələri qovaraq, onları evsiz-eşiksiz qoyublar”.

Onun sözlərinə görə, terrorçular din pərdəsinə bürünərək, dinc sakinlərə qarşı zor tətbiq edirlər:

“Beynəlxalq birlik və İŞİD-lə mübarizə üçün yaradılmış koalisiya öz vəzifələrini yerinə yetirməyərək, Suriyada terrorun yayılmasına və xarici muzdluların ölkəyə axınına göz yumur. Ancaq Suriya tayfa və qəbilələri əvvəldən terror və zorakılığa qarşı qətiyyətlə mübarizə aparıblar”.

Tayfa başçısı bildirib ki, Suriyanın ərəb tayfa və qəbilə rəhbərləri ABŞ-ı, o cümlədən beynəlxalq birliyi Əl-Cəzirə və Fərat bölgələrinin terrorçu İŞİD və PYD-dən təmizlənməsinə yardım göstərməyə çağırıblar.
Rafi ər-Rako Ukla apardıqları mübarizəyə dəstək verdikləri üçün Qətər, Səudiyyə Ərəbistanı və Türkiyəyə minnətdarlığını bildirib:

“Ümid edirik ki, dünya birliyi Suriya xalqına dəstək verərək, ölkədə qan axıdılmasına son qoyacaq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."