“Ukrayna müharibəsinin son mərhələsinə qədəm qoyduğumuz dövrdə Çinin, İranın, Hindistanın, eləcə də Türkiyənin Rusiyanı dəstəkləməkdən çəkindirilməsi siyasəti yeridilir. Bu da Türkiyənin maraqlarının əleyhinədir”.
Bu fikirləri Yunanıstanla Türkiyə arasında mümkün hərbi münaqişə haqqında danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında səsləndirib.
İlyas Hüseynov bildirib ki, Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişənin olması mümkün görünür:
“Yunanıstanla Türkiyə arasında hərbi münaqişənin olması ehtimalları getdikcə güclənir. Eyni zamanda, yunan adalarına ABŞ-nin silah yerləşdirməsi fonunda Türkiyəyə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər də müzakirə olunur. Burada əsas misal kimi Şimali Kipr Türk Cumhuriyyətini önə çəkirlər. Məhz bu fonda Yunanıstana siyasi dəstək göstərirlər. Sanki Türkiyə bu əraziləri işağl edib və bölgədəki yunan icmasına qarşı kəskin fəaliyyətdədir. Eyni zamanda, ŞKTC-nin tanınması ilə bağlı Türkiyənin müəyyən işlər görməsi fonunda həm də Ankaraya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi əsas fikir kimi ifadə olunur.
Nəzərə almaq lazımdır ki, Yunanıstanla Türkiyə NATO üzvüdür. Türkiyə ordusu NATO-da həlledici mövqedədir. Avropanın təhlükəsizliyində böyük rol oynayır, Cənubi Qafqazda, Afrikada, Yaxın Şərqdə antiterror əməliyyatları keçirir. Bir sıra hallarda NATO-nun da təmsilçisi kimi çıxış edir. Ona görə də Türkiyəyə qarşı NATO-nun bu cür demarş etməsi, Avropa İttifaqının Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri birbaşa olaraq rəsmi Ankaranın milli maraqlar müstəvisindən hərəkət etməsinə gətirib çıxarır.
Yunanıstanın alət olması Ankara üçün bəlldir. Qərb koalisiyası yunan kartından Türkiyəyə qarşı istifadə edir. Bunun əsas səbəblərindən biri kimi də S-400 raket komplekslərinin alınması, Rusiya ilə münasibələrin istiləşməsi və rəsmi Ankara tərəfindən Rusiyaya qarşı sərt mövqe qoyulmamasıdır. Ukrayna müharibəsinin son mərhələsinə qədəm qoyduğumuz dövrdə Çinin, İranın, Hindistanın, eləcə də Türkiyənin Rusiyanı dəstəkləməkdən çəkindirilməsi siyasəti yeridilir. Bu da Türkiyənin maraqlarının əleyhinədir.
Türkiyənin mövqeyi bundan ibarətdir ki, siyasi, iqtisadi və maliyyə müstəvisində rəsmi Ankara ilə heç kim sərt və şərtli formada danışa bilməz. Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında əsas moderator Türkiyədir. Bu həm taxıl dəhlizinə, həm əsirlərin dəyişdirilməsinə aiddir. İstənilən şəkildə Qərb tərəfi Türkiyəyə möhtac olacaq. Çünki Türkiyə müharibənin dayandırılmasında həlledici rola malik olacaq.
Yunanıstanla münasibətlərin daha da dərinləşməsinin bir sıra səbəblərini Qərb hərbi strateqləri Ankaranın öz milli maraqlarını qarşıdan gələn qış ərəfəsində həll etmək niyyətində olması kimi şərh edirlər. Rusiya ilə Türkiyə arasında qaz tədarükünün formalaşdırılması ilə bağlı razılaşma əldə olundu. Türkiyə artıq soyuq aylarda öz problemərini və Avropanın da ondan asılacağını nəzərə alaraq həll etmək niyyətindədir. Düşünürəm ki, bu, doğru yanaşmadır. Ərdoğanın “ansızın bir gecə gələrik” ifadəsi sadəcə havaya atılmış sözlər deyil”.
Səxavət Məmməd
www.yenicag.az