Ermənistanda seçim anı: Paşinyanın simasında Qərb, yoxsa Karapetyanlı Rusiya qazanacaq?

media-hightechnic-468x90

Bu gün Ermənistanda son illərin ən mühüm siyasi hadisəsi – parlament seçkiləri keçirilir. Bu seçkilər adi hakimiyyət dəyişikliyi uğrunda yarış deyil. Əslində Ermənistan seçicisi üç fərqli yol arasında seçim edir: Paşinyanın Qərbə inteqrasiya kursu, Rusiyaya yaxın qüvvələrin təklif etdiyi alternativ model və köhnə hakimiyyətin geri dönüş cəhdi.

2026-cı il seçkiləri həm də 2023-cü ildə Qarabağdakı hadisələrdən sonra keçirilən ilk ümumxalq səsverməsidir. Məhz buna görə bu seçkilər Ermənistanda son illərin ən emosional, ən gərgin və ən çox xarici müdaxilə iddiaları ilə müşayiət olunan kampaniyası hesab edilir.

Parlament necə formalaşır?

Ermənistan Milli Məclisi minimum 101 deputatdan ibarətdir. Deputatlar partiya siyahıları üzrə proporsional sistemlə seçilir.

Partiyalar üçün seçki baryeri 4 faiz, bloklar üçün isə 8 faizdir. Qanuna görə hökumətin sabitliyini təmin etmək məqsədilə qalib siyasi qüvvə parlamentdə minimum 54 faiz yerə sahib olmalıdır. Lazım gəldikdə əlavə mandatlar verilə bilər. Əgər heç bir siyasi qüvvə hökumət qura bilməzsə, ikinci tur ssenarisi də mümkündür.

Kimlər iştirak edir?

Seçkilərdə ümumilikdə 19 siyasi qüvvə iştirak edir. Onların 17-si partiya, 2-si isə seçki blokudur. Lakin real mübarizə, əsasən, üç siyasi mərkəz arasında gedir.
Birinci tərəf baş nazir Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” Partiyasıdır.
İkinci tərəf rusiyalı erməni milyarder Samvel Karapetyan tərəfindən yaradılmış “Güclü Ermənistan” blokudur.

Üçüncü tərəf isə keçmiş prezident Robert Köçəryan rəhbərliyindəki “Ermənistan” ittifaqıdır.

Son sorğular nə göstərir?

Son sorğulara görə, Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 24-32 faiz arası dəstəyə malikdir. Samvel Karapetyanın bloku 6-11 faiz aralığında görünür. Köçəryanın ittifaqı isə bir çox sorğularda baryer həddinə yaxın nəticə göstərir.

Lakin seçkinin ən maraqlı tərəfi qərarsız seçicilərin çoxluğudur. Bir sıra araşdırmalara görə, seçicilərin 30-40 faizə yaxını son qərarını seçki gününə saxlayıb. Bu isə nəticələrdə müəyyən dəyişiklik yarada bilər. Məhz qərarsızların səsini alarsa, Paşinyanın 43 faiz səs alma ehtimalı da, çətin də olsa, mümkündür.

Paşinyan təkbaşına iqtidar ola bilərmi?

Mövcud rəqəmlərə əsasən, bəli.

Bunun səbəbi sadədir. Əgər müxalif qüvvələrin bir hissəsi baryeri keçə bilməsə, onların topladığı səslər mandat bölgüsündə nəzərə alınmayacaq. Bu isə birinci partiyanın parlamentdəki yer sayını ciddi şəkildə artıracaq.

Nəticədə Paşinyan hətta 30 faiz ətrafında səs toplasa belə, parlamentdə 50 faizdən çox mandat əldə edə bilər. Ən real ssenari yenə də onun rəhbərliyində hökumətin formalaşması hesab olunur.

Samvel Karapetyan kimdir və nə vəd edir?

Seçkinin ən böyük sürprizi Samvel Karapetyandır.

Rusiyada milyardlarla dollarlıq biznes imperiyasına sahib olan Karapetyan son bir ildə Ermənistan siyasətinə daxil olub. O, Paşinyanın Azərbaycanla sülh siyasətini sərt tənqid edir və Ermənistanın təhlükəsizliyinin Rusiyadan uzaqlaşmaqla təmin edilə bilməyəcəyini bildirir.

Karapetyan daha sıx Rusiya əlaqələri, müdafiə xərclərinin artırılması, iqtisadi investisiyalar və kilsənin mövqeyinin gücləndirilməsi vədləri verir. Onun əsas dayaqları kilsəyə yaxın dairələr, Qarabağdan köçmüş ermənilərin bir hissəsi və Paşinyandan narazı seçicilərdir.

Lakin onun birinci olması ehtimalı aşağı qiymətləndirilir. Mövcud sorğular onu, əsasən, ikinci siyasi qüvvə kimi göstərir.

Köçəryan və “Qarabağ klanı” niyə zəifləyib?

Bir vaxtlar Ermənistan siyasətinə nəzarət edən Robert Köçəryan və onun ətrafında formalaşmış “Qarabağ klanı” əvvəlki gücünü itirib.

Erməni cəmiyyətində geniş yayılmış fikrə görə, ordudakı korrupsiya, dövlət idarəçiliyindəki problemlər və illərlə davam edən səhvlərin mühüm hissəsi məhz köhnə hakimiyyət dövründə yaranıb.

Bu səbəbdən Paşinyandan narazı olan seçicilərin əhəmiyyətli hissəsi belə Köçəryanın hakimiyyətə qayıtmasını istəmir. Sorğularda onun ittifaqının zəif nəticə göstərməsinin əsas səbəbi də budur.

Kilsə niyə Paşinyanla mübarizə aparır?

Son illərdə Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər görünməmiş dərəcədə pisləşib.

Bir sıra yüksək rütbəli din xadimlərinin saxlanılması və ya ev dustaqlığına göndərilməsi ölkədə ciddi müzakirələr yaradıb. Kilsə rəhbərliyi Paşinyanı milli maraqlardan geri çəkilməkdə ittiham edir.

Karapetyanın siyasi yüksəlişi də məhz kilsəni müdafiə edən çıxışlarından sonra sürətlənib. Bu gün kilsəyə yaxın çevrələrin böyük hissəsi açıq şəkildə Paşinyanın rəqiblərini dəstəkləyir.

Rusiya, ABŞ və Avropa nə istəyir?

Bu seçkilər, əslində, Ermənistanın geosiyasi gələcəyi uğrunda mübarizə kimi qiymətləndirilir.

Paşinyan hakimiyyəti son illərdə Avropa İttifaqı və ABŞ ilə münasibətləri əhəmiyyətli dərəcədə genişləndirib. O, Ermənistanı “sülh qovşağına” çevirmək, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq istədiyini bildirir.

Rusiya isə bu kursdan açıq narazıdır. “Reuters”un araşdırmalarında Moskvanın Paşinyanın Qərbyönlü siyasətinə qarşı müxtəlif siyasi və informasiya alətlərindən istifadə etdiyi qeyd olunur. Son aylarda Ermənistan məhsullarına məhdudiyyətlərin tətbiqi də təzyiq vasitəsi kimi qiymətləndirilir.

Qərb isə əksinə, Paşinyanın kursunun davam etməsində maraqlıdır. ABŞ və Avropa Ermənistanın daha müstəqil xarici siyasət yürütməsini və regionda sülh prosesinin davam etməsini dəstəkləyir. Trampın dəstəyi Macarıstanda Orbanı 19 illik iqtidarından etsə də, Ermənistanda işə yaraya bilər. Çünki Avropadan fərqli olaraq Qafqazda, xüsusilə də Ermənistanda daha çox nifrət Rusiyaya yönəlib. Erməni xalqı düşünür ki, Rusiya illərlə Ermənistandan müstəmləkə kimi istifadə etsə də, Qarabağ savaşında onları tək qoydu. Yəni heç bir ölkəyə münasibət Rusiya qədər sərt deyil. Qərarsızların da böyük əksəriyyətinin səsvermə zamanı mövqeyində anti-Rusiya faktoru rol oynayacaq. Avropaya inteqrasiya, qonşu Gürcüstan kimi Qərbə vizasız gediş-gəliş (burada gəliş çox da maraqlı deyil) Paşinyanı cazib edən faktorlardan biridir. Çünki erməni toplumu nə qədər ideologiya üzərinə köklənsə də, nəticədə iqtisadi məsələ bütün ideologiyaların üzərindədir. “Dənizdən dənizə böyük Ermənistan” xəyalının ilk dayanacağı olan Qarabağı 30 il sonra itirərək ən böyük məğlub erməni ünvanını alan Paşinyanın uğuru da məhz bundadır. Xalq illərlə yoxsulluq içərisində, Rusiyanın vassalı kimi yaşamaqdan bezib. Paşinyan isə onlara Qərbin cazibəsini vəd edir. Bu səbəbdən də seçkilərdən qalib çıxması digərlərinə nisbətdə çox normaldır.

Buna görə də 7 iyun seçkilərinin əsas paradoksu budur: Paşinyanın reytinqi əvvəlki illərlə müqayisədə aşağı düşsə də, onun rəqibləri hələ də cəmiyyət üçün daha cəlbedici alternativə çevrilə bilməyiblər. Məhz buna görə hazırkı rəqəmlər yenidən Paşinyanın qalib gələcəyini göstərir. Əsas sual isə onun təkbaşına hökumət quracaq qədər güclü nəticə əldə edib-etməyəcəyidir. Seçici fəallığının ötən illərə nisbətdə artması da göstərir ki, bu seçki digər illərdən çox fərqli olacaq. Erməni xalqı ya Paşinyanın simasında Qərbə, Azərbaycanla Türkiyə sərhədlərinin açılmasına dəstək verəcək, ya da illərlə səfalət içində yaşamalarına səbəb olan Rusiyaya yenidən göz qırpacaqlar. Ancaq hazırkı mənzərə Paşinyanın ən az 43 faiz səslə tam qələbə qazanacağını göstərir.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05