Türkiyədə ucuz, Azərbaycanda BAHA – Dərman bazarında görünməyən ƏL KİMİNDİR?
“Əlbəttə ki, dərman maddələri Azərbaycanda xeyli bahadır”.
Bunu Yenicag.az-a açıqlamasında professor, tibb elmləri doktoru Adil Qeybulla deyib.
O, Azərbaycandakı dərman vasitələrinin digər qonşu ölkələrə nisbətən qiymətlərinin daha baha olmasının səbəblərini izah edib.
A. Qeybulla söyləyib ki, biz idxaldan asılı olan ölkəyik:
“Amma hesab edirəm ki, burada süni şişirtmələr də var. Çünki biz qardaş Türkiyədən, ən azı müqavilə əsasında dərmanları idxal edə bilərik. Bu zaman bizim dərman bazarında dərmanlar xeyli ucuz ola bilər. Lakin təəssüflər olsun ki, belə deyil və dərmanlar bizim ölkədə, öz yerində olduğu ölkədən xeyli baha satılır və bunun da səbəbləri müxtəlifdir. Bir tərəfdən, dərmanlara qoyulan idxal xərcləri, bir tərəfdən sahibkarların xərcləri, bir tərəfdən də sui-istifadə halları…”
“Fikrimcə, bunu qaydaya salmaq, dərman bazarını tənzimləmək üçün mütləq dərman maddələri üzrə ictimaiyyətə açıq reyestri olmalıdır ki, insanlar xəbərdar olsunlar, ölkə ərazisində hansı dərmanların satışına icazə var, qiymətləri necə müəyyənləşib? Yəni bu qiymətlər fərqli ola bilər, çünki apteklər özəldir, amma bu fərq ciddi bir rəqəmlə ölçülə bilməz. Əksinə, cüzi fərqlər olmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri