Türkiyədə "Ulduz ovu": "Onlar sənətçi deyil, narkotik zəncirinin bir halqasıdır”
“Türkiyədə aparılan narkotik əməliyyatları baronlara qədər gedəcək”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış türkiyəli jurnalist Ali Kan bildirib.

Türkiyəli jurnalist son vaxtlar tanınmış şəxslərə qarşı aparılan həbslərin gedişatı haqqında danışıb:
“Türkiyədə tanınmışlara qarşı keçirilən əməliyyatlar əslində tək bir araşdırma sənədi deyil, bir çox cinayət tərkibli maddələri özündə əks etdirən əməliyyatlardır: narkotika, qanunsuz mərc, qumar, çirkli pulların yuyulması və bu kimi şübhələr araşdırılmaqdadır. Hazırda prokurorluq və polis orqanları yeni dəlillər, yeni ifadələr, bağlantılar araşdırır və sübutlar ortaya çıxdıqca növbəti dalğa əməliyyatlar aparılır. Ona görə də düşünürəm ki, əməliyyatlar bir anın içində baş verib bitəcək proses deyil, cinayət şübhəsinin ucunun getdiyi yerə qədər davam edəcək. Yeni təyin edilən ədliyyə naziri Akın Gürlek də vacib ifadə işlətdi. O qeyd etdi: ‘Biz izləyirik, toplanıb 2-3 kiloqram narkotikdən istifadə edirlər. Bizim məqsədimiz ilk öncə istifadə edənləri cəzalandırmaq, onlardan satıcıları öyrənib, onlardan da baronları müəyyən etməkdir’. Dövlət istifadəçini saxlayır, o da satıcını ələ verir, son olaraq da məsələ narkotik baronlarına qədər gedib çıxır.”
A. Kan qeyd edib ki, əməliyyatların bu gün də növbəti dalğası baş tutub:
“Bu gün də 25 nəfər saxlanılıb, onlardan 17-si həbs edildi. Bu kimi xəbərlər tanınmış şəxslərə qarşı əməliyyat manşeti ilə mediaya verilir, çünki onların arasında tanınmış şəxslər də var. Amma əslində cinayət işinin əsas sütunu tanınmışlar deyil, bu cinayətlərin onurğası sayılan tədarükçülər və baronların həbsidir.”
“Hazırkı əməliyyatlardan sonra tanınmış şəxslər, TV və radio ekranlarında gənclərə örnək kimi göstərilən şəxslər arasındakı narkotik istifadəçiləri təmizlənir?” sualına jurnalist belə cavab verib:
“Dövlətin rəsmi hədəfi rol-model olan şəxsləri təmizləmək deyil, cinayətlərlə mübarizədir. Amma bu işlərə qarışan tanınmışlar da bəzən bu cinayətlər şəbəkəsinə tuş gəlir. Ayrıca bildirmək istəyirəm ki, saxlanılma və cinayət işi açılması onların birbaşa həbs olunacağı anlamına gəlmir. Onlar haqqında son qərarı məhkəmə verəcək. Ümumi baxdıqda isə Türkiyədə yeni nəsil sayılan Z-qurşağı var ki, onları eyniləşdirmək olmaz, bəziləri bu tanınmış şəxsləri həyatlarındakı idealı olaraq görür.”
– Türkiyədə geniş yayılmış “OnlyFans” proqramında aktiv olan şəxslərə qarşı əməliyyatlar da aparıldı…
“Bəli, keçən günlərdə ‘OnlyFans’ istifadəçilərindən bir neçəsi saxlanıldı. Təxminən 300 milyon TL pulu dövlət müsadirə etdi. Bu istifadəçilər o proqramda qeydiyyatdan keçib bədənlərini nümayiş etdirərək pul qazanırlar, o pulların da vergisi ödənilmədiyi üçün dövlət onları cəzalandırdı. Onların həbsi proqramdan qazanmaqlarına görə deyil, məhz vergi vermədikləri üçün idi. Hər bir halda bu həbslərdə Türkiyədə cəmiyyətin əxlaqi dəyərləri də göz önünə alınır, o ayrı məsələ. İnsanlar o şəxslərə sənətçi deyir, özlərinə ideal seçirlər, amma o sənətçilərin kamera arxasında nələr etdiyini görmürlər. Dərinliyə endiyin zaman onların narkotik istifadə edib-etmədiyini bilə bilməzsən. Bu həbslərlə gənclərə ‘sizin rol-model olaraq gördüyünüz şəxslər kameradan kənarda nələrlə məşğul olur’ mesajı verilir. Bu da çox önəmli gedişatdır. Gənclər də bu şəxsləri sənətçi olaraq gördüyü halda, arxa planda hansı yanlışlara əl atdıqlarından xəbərdar olurlar.”
Nurlan Cəfəri













