!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “Yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divani Lüğət-it türk” Simpoziumu” keçirildi – FOTO

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində “Yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divani Lüğət-it türk” Simpoziumu” keçirilib.

Yenicag.az xəbər verir ki, simpozium Altay Topluluqlarının Dil və Mədəniyyətlərinin Tətbiqi və Araşdırma Mərkəzi tərəfindən Pamukkale Universiteti (PAÜ), universitet nəzdindəki Dil Öyrədilməsinin Tətbiqi və Araşdırma Mərkəzi (PADAM) və UNESCO-nun birgə təşkilatçılığı ilə 4-5-6 dekabr tarixlərində baş tutub.

Simpoziumun açılış mərasiminə Dənizli vilayət rəhbəri Ömər Fərrux Coşqun, PAÜ rektoru Əhməd Qutluxan, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Türk Dil Qurumunun (TDK) rəhbəri Osman Mərd, Altay Topluluqlarının Dil və Mədəniyyətlərinin Tətbiqi və Araşdırma Mərkəzinin sədri, Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Nərgiz Biray, PADAM sədri Feyza Tokat, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şərqi Türküstandan elm insanları, professor-müəllim heyəti, universitet tələbələri qatılıblar.

PADAM sədri Feyza Tokat çıxışında Mahmud Kaşğarinin izindən getdiklərini, türkcəni öyrətmək üçün mədəni ünsürlərdin istifadə etdiklərini və bu missiyanı qürurla davam etdirdiklərini bildirib.

“Türkcənin gözəlliklərini danışıq və yazı dilimizdə yaşatmaq, xarici tələbələrimizi zəngin mədəniyyətimizlə tanış etmək bizim üçün böyük qürur və məsuliyyətdir”, – deyə Feyza Tokat qeyd edib.

Daha sonra çıxış edən Altay Topluluqlarının Dil və Mədəniyyətlərinin Tətbiqi və Araşdırma Mərkəzinin sədri professor Nərgiz Biray içində türk milli mədəniyyəti ilə bağlı zəngin məlumatlar olan “Divani Lüğət-it türk”ü “ensiklopediya və xəzinə dəyərində” qaynaq adlandırıb.

Nərgiz Biray: “Bu gün türklə bağlı hər məsələdən bəhs olunan bu möhtəşəm əsərin işığına yığışdığımız simpoziumda həm türk dünyasının dərin mədəni mirasını aydınlatmaq, həm də gələcəkdə yeni düşüncələr inkişaf etdirmək və fikir mübadiləsi aparmaq üçün bir aradayıq”, – deyə vurğulayıb.

Simpoziuma videomesaj göndərən türk dünyasının önəmli şəxsiyyətlərindən professor Əhməd Bican Ərcilasun “Divani Lüğət-it türk”ün önəmindən bəhs edərək simpoziumun işinə uğurlar arzulayıb.

Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz ilə TDK sədri Osman Mərd təmsil etdikləri qurumların “Divani Lüğət-it türk”lə bağlı gördükləri işlərdən danışıblar.

PAÜ rektoru Əhməd Qutluxan universitetin türk dünyası ilə əməkdaşlıqlarından danışıb, ikitərəfli müqavilələrlə iş birliklərinin daha da möhkəmləndirildiyini bildirib. Bu sahədə gördüyü işlərə görə professor Nərgiz Biraya təşəkkür edən Qurtluxan simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra rektor rəsmi qonaqlara xatirə hədiyyələri təqdim edib.

Qısa fasiləsdən sonra isə eyni zamanda təşkil olunan 10 fərqli paneldə 50-yə yaxın elm insanı təqdimatla çıxış edib. “Divani Lüğət-it türk”lə birbaşa bağlı olan və əsərin digər elm sahələri ilə qarşılıqlı təhlilinə əsaslanan, həmçinin digər türk respublikalarında lüğətlə bağlı aparılan araşdırmalardan bəhs edən çıxışlar maraqla qarşılanıb.

Simpoziumun ikinci günündə qonaqlar Dənizlinin tarixi-mədəni məkanları ilə tanış edilib, tarixi Buldan qəsəbəsinə səfər təşkil olunub.

Simpozium üçüncü gün onlayn şəkildə davam edərək sona çatıb.

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv