Tənzilə Rüstəmxanlı Neftçaladakı məktəb problemlərindən danışdı: "Bu, təəssüf doğurur" - VİDEO
“Mənim seçildiyim bölgədə təhsil sistemi ilə bağlı çox ciddi problemlər mövcuddur”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Plenar iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.
O, rayonlarda təhsil barədə yaşanan çətinliklərlə bağlı fikirlərini səsləndirib.
Deputat bildirib ki, seçicilərlə görüşlərdə bu məsələlərlə bağlı çoxsaylı müraciətlər alır.
“Büdcə müzakirələri zamanı təhsilə ayrılan vəsait təkcə həcmi ilə deyil, həm də məzmunu, istiqaməti və effektivliyi ilə müzakirə mövzusu olmalıdır. Təhsilə qoyulan hər bir manat, əslində, gələcək nəsillərə və Azərbaycanın sabahına qoyulan sərmayədir. Burada əsas məsələ təhsilə ayrılan vəsaitin necə xərclənməsi və ünvanlı şəkildə çatdırılmasıdır.
Biz müasir bir ölkəyik və Azərbaycan bu gün dünya dövlətləri sırasında öz duruşu, məramı və sülhə verdiyi töhfələrlə seçilir. Lakin buna baxmayaraq, mənim seçildiyim bölgədə təhsil sistemi ilə bağlı çox ciddi problemlər mövcuddur. Bu problemləri bir-bir sadalamaq istəmirəm, lakin əsas bir məsələni qeyd etmək istəyirəm: bəzi məktəblərimizdə görüşlər zamanı qış ayının bu günündə pəncərələrin hələ də neylonla örtüldüyünün şahidi olmuşam. Bu, həqiqətən, təəssüf doğuran bir vəziyyətdir.
Təbii ki, rayonda bəzi məktəblər əsaslı şəkildə təmir olunub və buradan təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü ilə iki gözəl məktəb əsaslı təmir edilərək insanların istifadəsinə verilib. Həmin məktəblərdə təhsil alan uşaqların nəticələri şəhərdə oxuyan, ağır şəraitdə təhsil alan uşaqların nəticələrindən heç də geri qalmır”.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov












