Türkiyədən Şimali Kiprlə bağlı SÜRPRİZ ADDIM: Adadakı hərbi dəyişikliyin səbəbi nədir?
Türkiyə Şimali Kiprdə yerləşən Kipr Türk Sülh Qüvvələri Komandanlığını (KTSQK) Tümgeneral (General-mayor) rütbəsindən Korgeneral (General-leytenant) səviyyəsinə yüksəldib. Bu addım isə ABŞ, İsrail, Almaniya və Böyük Britaniyanın Cənubi Kipr Yunan Administrasiyasında hərbi mövqelərini gücləndirməsinə qarşı atılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “ODA TV”nin analitik məqaləsində qeyd olunub.
Nəşr yazır ki, yeni qərara əsasən, avqust 2023-dən etibarən KTSQK komandanı olan Sebahattin Kılınç 5 avqust 2025-ci ildən general-leytenant rütbəsi alaraq, qurumun ilk general-leytenantı kimi fəaliyyətini davam etdirir. Hazırda ehtiyat qüvvələr də daxil olmaqla təxminən 50 min türk əsgərinin xidmət etdiyi Şimali Kiprdə bu sayın 100 mini keçəcəyi gözlənilir.
Məqalədə vurğulanıb ki, general-mayor səviyyəsindəki birliklər, əsasən, taktiki əməliyyatlar aparırsa, general-leytenant səviyyəsindəki ordu regional miqyasda hərbi əməliyyat həyata keçirə bilir. Bununla birlikdə, Şimali Kiprdə mövcud olan məhdud sayda artilleriya briqadası, hava hücumundan müdafiə birlikləri və mühəndis taborlarının sırasına artıq quru, hava, dəniz, logistika, mühəndislik, elektron müharibə və digər bölmələr də əlavə ediləcək.
3+1 ittifaqına qarşı Çanaqqala mərkəzli hərbi hazırlıq
Həmçinin vurğulanıb ki, Türkiyə Şərqi Aralıq dənizində ABŞ, Yunanıstan, Cənubi Kipr və İsraildən ibarət “3+1 ittifaqı”nın təhdidlərinə qarşı Çanaqqala bölgəsinə xüsusi diqqət yönəldib. 2024-cü ildə Çanaqqalada Amfibiya Korpus Komandanlığının yaradılması, Muğlanın Dalaman rayonunda 16-cı Ana Hava Bazasının qurulması, Marmaris-Aksaz dəniz bazasının genişləndirilməsi, Şimali Kiprdə Dipkarpazda yeni dəniz bazası və Geçitkaledə PUA bazasının inşası Türkiyənin hərbi hazırlığını gücləndirdiyini göstərir.
“Məzarlıq barışı”
“Hürriyət”in məlumatına görə, BMT vasitəçiliyi ilə yaradılmış “Mədəni İrsin Qorunması Komitəsi” uzun illərdir Cənubi Kiprdə qalan məscidlər və Şimali Kiprdə qalan kilsələrin təmiri və bərpası üzərində işləyir.
Nəşr yekunda xatırladıb ki, son dövrdə komitə məzarlıqların bərpası istiqamətində də irəliləyiş əldə edib. Avropa İttifaqının maliyyə dəstəyi ilə may ayında 700 min avroluq bərpa layihəsinə start verilib. Layihə çərçivəsində Şimali Kiprdə 15 yunan, Cənubi Kiprdə isə 15 türk qəbiristanlığı müəyyən edilib. Türk tərəfdə, Lefkoşa yaxınlığındakı Balıkesir kəndində 1974-dən əvvəl mövcud olmuş yunan qəbiristanlığının divarları, məzar daşları üzərindəki xaçlar və yazılar yenilənib.