Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu Azərbaycanda rəsmi səfərdədir.
Yenicag.az xəbər verir ki, bu gün qardaş ölkənin dövlət rəsmisi nümayəndə heyəti ilə birlikdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), ATİB və MÜSİAD tərəfindən təşkil olunan işgüzar nahara qatılıb.
Qonaqlar arasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, ATİB sədri Cemal Yangın, MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun və türkiyəli iş adamları olublar.
Tədbiri giriş sözü ilə açan TÜİB sədri Hüseyin Böyükfırat qonaqları salamlayarkən Azərbaycanla Türkiyənin qardaşlığının möhkəm təməl üzərində qurulduğunu bildirib. O, uzun müddətdir Azərbaycanda yaşadığını, burada türkiyəli iş adamları üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Hüseyin bəyin qısa çıxışından sonra söz Jülide Sarıeroğluna verilib.
Türkiyəli nazir tədbirə qatıldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Sarıeroğlu Azərbaycanda olduğu iki gün ərzində yüksək qonaqpərvərliklə qarşılaşdığını söyləyib. Dövlət rəsmisi qeyd edib ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətini Azərbaycan prezidenti ilə görüşdə də hiss edib.
Daha sonra isə Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları Jülide Sarıeroğluna onları maraqlandıran sualları ünvanlayıblar. Sualları cavablandıran nazir problemlərin həll olunacaq səviyyədə olduğunu bildirib.
Daha sonra TÜİB sədri Hüseyin Büyükfırat Jülide Sarıoğluna Nizami Gəncəvinin külliyyatını təqdim edib. Türkiyəli nazir yüksək qonaqpərvərlik üçün Hüseyin bəyə öz minnətdarlığını bildirməklə yanaşı, ona xatirə hədiyyəsi verib.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.
Emin Səfərov