“Mövcud vəziyyət Türkiyənin həm ABŞ-yə, həm də Rusiyaya öz şərtlərini diqtə etməsinə imkanlar açır”.
Bu sözləri Türkiyənin Suriyadakı PKK/PYD terror qruplaşmasına qarşı həyata keçirməyə hazırlaşdığı növbəti əməliyyat və bunun perspektivləri ilə bağlı danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra xeyli dəyişən qlobal mühitdə Suriyada güc balansının dəyişməsi üçün real şərait yaranıb:
“2020-ci ilin yazından etibarən Suriyada, demək olar ki, dəyişməz qalan hərbi-siyasi vəziyyəti və status-kvonu dəyişmək üçün indi konkret imkanlar mövcuddur. Öz sərhədləri ətrafındakı regionlarda hərbi-siyasi iradəsini qəbul etdirməyə başlayan Türkiyə də, təbii olaraq, mövcud vəziyyətdən maksimum yararlanmağa çalışır.
Rəsmi Ankara üçün hazırda əsas prioritet Türkiyənin milli maraqlarına təhlükə törədən terror qruplaşmalarının zərərsizləşdirilməsi ilə bağlıdır. Həmin terror qruplaşmaları ABŞ, Avropa dövlətləri və Rusiyanın dəstəyi sayəsində İraqın şimal bölgəsində və Suriyanın Türkiyə ilə sərhəd ərazilərində fəaliyyət göstərməkdə davam edirlər. Rəsmi Ankara bu bölgələrdə bir neçə dəfə, konkret desək, 2016-2017, 2018 və 2019-cu illərdə antiterror əməliyyatları keçirsə də, problemin tam həllinə nail ola bilməyib. İndi isə Ukrayna savaşı nəticəsində Türkiyəyə qarşı terror qruplaşmalarının əsas beynəlxalq himayədarları arasında kəskin ziddiyyətlərin yaranması, Qərblə Rusiya arasında sanksiyalar müharibəsi, Finlandiya və İsveçin NATO-ya qoşulması prosesi fonunda Ankaranın tərəfdaşları üzərində çoxlu təsir rıçaqları var ki, bu da Suriyadakı məqsədlərinə çatmaq üçün rəsmi Ankaraya daha qətiyyətli addımlar atmaq imkanları açır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi Suriyanın şimalında planlaşdırılan müntəzəm hərbi əməliyyat da Ankaranın məqsədlərinə çatmaq üçün əl atdığı vasitələrdən biridir.
Xatırladım ki, Suriyada son iki böyük hərbi eskalasiya 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində tamamilə fərqli beynəlxalq şəraitdə baş verib. Belə ki, 2019-cu ilin payızında Suriyanın şimal-şərqindəki kürd hərbi birləşmələrinə qarşı keçirilən hərbi əməliyyat nəticəsində rəsmi Ankara ABŞ və Rusiya ilə Türkiyənin nəzarətində olan bufer zonanın yaradılması ilə bağlı razılıq əldə edib. Bundan sonra isə 2020-ci ilin qışında Suriya hökumət qüvvələri ilə Türkiyənin dəstəklədiyi silahlı müxalifət arasında ölkənin şimal-qərbində baş vermiş döyüşlər Rusiya və Türkiyə prezidentlərinin atəşkəsin yaradılması və əyalətdə gərginliyin azaldılmasına dair saziş imzalaması ilə başa çatıb.
Türkiyənin Suriyadakı əsas vəzifələrindən biri cənub sərhədlərini terrorçu birləşmələrin hücumlarından qorumaqdır. Ankaranın planına görə, bu, ölkənin şimal bölgələrinə nəzarətin yaradılması ilə həyata keçirilə bilər. 30 kilometr dərinliyində yaradılacaq bufer zona həm də Türkiyədə sayı 4 milyona yaxın olan suriyalı qaçqınların bir hissəsinin mərhələli şəkildə öz vətənlərinə geri qayıtmasına da xidmət edə bilər. Türkiyədə qaçqın problemi olduqca ciddidir və onun qismən həlli 2023-cü il seçkiləri öncəsi Ərdoğanın və AKP-nin mövqelərini möhkəmləndirə bilər.
Ərdoğanın elan etdiyi əməliyyat planına görə, Türkiyə PUA-ları və helikopterlər artıq terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə başlayıblar. Türkiyə ordusunun ilk olaraq sərhəddə yerləşən Ayn əl-Ərəb bölgəsini terrorçulardan təmizləyəcəyi bildirilir. Növbəti hədəf isə Tel-Rıfat bölgəsi olacaq. PKK/PYD terror qruplaşmasının liderləri isə Türkiyənin bu dəfə daha qətiyyətli davranacağından artıq narahat olmağa başlayıblar. Onlar öz beynəlxalq himayədarlarına müraciət edərək Türkiyənin dayandırılmasını istəyirlər”.
Politoloqun sözlərinə görə, Türkiyə həm ABŞ və Qərbi, həm də Rusiyanı ən aciz durumlarında yaxalamağı bacarıb:
“Türkiyənin narazı salınması hər iki tərəfə olduqca baha başa gələ bilər və rəsmi Ankara da bununla bağlı artıq öz mövqeyini ən yüksək səviyyədə ortaya qoyub.
Əlbəttə ki, rəsmi Ankara PKK/PYD terror qruplaşmasını himayə edən dövlətlərin indiki mərhələdə Türkiyəyə ciddi müqavimət göstərə bilməyəcəklərini tam dəqiqliyi ilə hesablayıb. Çünki Ukrayna savaşı həm ABŞ-nin, həm də Rusiyanın müqavimət imkanlarını məhdudlaşdırır. Üstəlik, hər iki qarşıduran tərəfə Türkiyənin dəstəyi həyati əhəmiyyət daşıyır. Xüsusilə də ABŞ indiki həlledici mərhələdə Türkiyə kimi önəmli hərbi-siyasi güc mərkəzinin narazı salınmasında qətiyyən maraqlı deyil. Ona görə də Ağ Evin müqavimət cəhdlərinin etiraz bəyanatlarından uzağa gedəcəyi qətiyyən inandırıcı görünmür. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bir neçə gün əvvəl mediaya verdiyi açıqlamasında söylədiyi bəzi fikirlər də bunun bariz sübutudur.
Rusiyanın vəziyyətinə gəldikdə isə, Yusif Bağırzadə deyib ki, Türkiyə hazırda Kreml üçün əsas “siyasi-iqtisadi nəfəslik” rolunu oynayır:
“Kremlin Türkiyənin milli maraqlarına problem yaratması rəsmi Ankaranın həmin “nəfəsliyi” kəsməsinə səbəb ola bilər. Belə ki, Rusiyanın dünyaya açılan ən mühüm qapısı Türkiyənin nəzarətindədir. Qara dənizi Aralıq dənizinə bağlayan İstanbul boğazının rus hərbi donanmasına qapadılması Rusiyanın okeanlara çıxışını əngəlləyə və bölgədəki rus hərbi dəniz qüvvələrini işləksiz hala gətirə bilər. Halbuki Kreml Türkiyənin vasitəçiliyi ilə Rusiyanın bəzi beynəlxalq problemlərini həll etməyə çalışır. Bu baxımdan, Kremlə rəsmi Ankara ilə ziddiyyətlər deyil, anlaşma mühiti daha sərfəlidir.
Faktlar onu deməyə əsas verir ki, həm Moskva, həm də Vaşinqton Ankara ilə bu və ya digər şəkildə danışıqlar aparmaq məcburiyyətindədirlər. Birincisi, heç olmasa, birbaşa hərbi toqquşmaların və itkilərin qarşısını almaq üçün. Türkiyənin potensial yeni əməliyyat keçirəcəyi ərazilərdə – Mənbic, Tel-Rıfat, Ayn əl-Ərəb, Qamışlı və digər yerlərdə Rusiya, Suriya və Amerika hərbçiləri var və onların bu ərazilərdən çıxarılması ilə bağlı şayiələr hələlik öz təsdiqini tapmayıb. İkincisi, həm Rusiyanın, həm də ABŞ-nin Suriyada öz qırmızı xətləri var və ona görə də hər iki tərəf Türkiyə ilə qarşılıqlı məqbul həll yolları axtarmalı olacaq. Bütün bunlar isə kilid dövlətə çevrilmiş Türkiyənin mövcud durumdan istifadə edərək öz məqsədlərinə çatmaq üçün hər iki tərəfə öz şərtlərini diqtə etməsinə imkan açır”.
Səxavət Məmməd
www.yenicag.az