Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir
Ölkə.az-ın əməkdaşı sözügedən qadını tapıb və Ş.Rüstəmovanı danışmağa razı sala bilib.
– Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız?
– İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam.
– Həyat yoldaşınız qohumunuzdur?
– Xeyr, kəndçimizdir.
– Yoldaşınız hazırda Rusiyadadır?
– Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq.
– Neçə ildir ailəlisiniz?
– 6 ildir.
– Neçə ildir o Rusiyadadır?
– Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq.
– Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz?
– Xeyr, görməmişəm, telefonla da danışmamışıq.
– Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə?
– Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik.
– Uşaqlarınızın neçə yaşı var?
– Böyüyünün 4 yaşı var, kiçiyi on bir aylıqdır.
– Qaynatanızgilin maddi durumu necə idi?
– Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq.
-Təhsiliniz var?
– Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən.
– Bakıda neçə gün qaldınız?
– 20 gün.
– Harda qalırdınız?
– Birinci gecəni “Torqovı”da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam.
– İlk gecəni küçədə qalmışdınız?
– Bəli, küçədə qalmışdım.
– Gedəndə uşaqları niyə özünüzlə aparmadınız?
– Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim.
– Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı?
– Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.
– Gecə 12-də Bakıya kimlə gəldiniz?
– Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim.
– Deməli, pulunuz var imiş…
– Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm.
– Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş.
– Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər.
– Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər?
– Guya maşının açarını, evdən pul götürmüşəm.
– Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız?
– O, Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm.
– Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz?
– Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum.
– İnternetdən, sosial şəbəkələrdən anlayışınız var?
– Facebookdan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm.
– Nəyə baxırdınız?
– Evdə qaynatamın kompüterində filmlərə baxırdım.
– Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı?
– Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir “çp” tapırdı, qaynatama deyirdi, o da məni söyürdü.
– Qaynatanız hansı peşənin sahibidir?
– Azər Rüstəmov müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir.
– Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz?
– Mən deyəndə ki tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün.
– Yoldaşınız Rusiyada nə işlə məşğul idi?
– Alverlə.
– Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu?
– Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər.
– Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz?
– Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm, məni nə gözləyir.
– Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz…
– Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı.
– Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı?
– Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü.
– Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz…
– Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik.
www.yenicag.az