Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi başlayır və futbolsevərlər maraqlı qarşılaşmalar gözləyir. Bu mərhələnin ən diqqətçəkən oyunlarından biri isə “Manchester City” və “Real Madrid” arasındakı matç olacaq.
Tanınmış idman jurnalisti Natiq Muxtarlı Yenicag.az-la söhbətində bildirib ki, hər iki komanda üçün pley-off mərhələsində iştirak əslində gözlənilməz hal idi:
“Hər iki komanda tam ideal vəziyyətdə deyil. Əgər hər iki komanda öz ən yüksək formasında olsaydı, onlar asanlıqla qrup mərhələsindən çıxıb səkkizliyə düşər və birbaşa 1/8 finala vəsiqə qazanardılar. Deməli, hər iki komandanın müəyyən problemləri var və pley-off mərhələsində bu problemlərlə mübarizə aparmaq məcburiyyətində qalacaqlar. Buna görə də bu oyun haqqında birmənalı fikir bildirmək çətin deyil”.
“Düzdür “Real Madrid”in “La Liqa”dakı işləri “Manchester City”yə nisbətən daha yaxşı vəziyyətdədir və İspaniya çempionatında çempionluq uğrunda mübarizə aparır. Amma beynəlxalq oyunlarda “Real Madrid”də problemlərin olduğu göz önündədir. Xüsusən də Kilian Mbappenin gəlişi ilə komandanın oyununda müəyyən dəyişikliklər yaşanıb və bu, Vinisius ilə mövqeyin dəyişməsi nəticəsində “Real Madrid”in oyununu zəiflədir. Rəqiblər artıq “Real Madrid”i yaxşı oxumağa başlayıblar və əgər hücum dördlüyü – Rodriqo, Bellinqem, Vinisius və Mbappe zərərsizləşdirilərsə, bu, “Real”ın oyununu zəiflədə bilir. Bu hücum dördlüyünü zərərsizləşdirə bilsə, “Manchester City” qələbə şansını artıracaq”, – deyə o, əlavə edib.
Mütəxəssis həmçinin vurğulayıb ki, “Manchester City”nin də ciddi problemləri var:
“Xüsusilə müdafiə xəttində zəifliklər hələ də həll olunmayıb. Buna görə də sözügedən görüş haqqında dəqiq proqnoz vermək çətindir. Lakin ilkin fikrim belədir: bu oyunda bol qol olacaq. Hər iki komanda həm qol vurur, həm də qol buraxır. Bu da o deməkdir ki, qarşılaşma gərgin və yüksək tempdə keçəcək. Futbol azarkeşləri üçün bu, yaxşı xəbərdir. Əgər qol varsa, deməli, oyun maraqlıdır. Bizləri həyəcanlı və əsrarəngiz bir oyun gözləyir. Lakin mərhələni kim adlayacaq, bu barədə birmənalı fikir bildirmək üçün hələ tezdir. İlk oyunun nəticəsindən sonra daha dəqiq proqnoz vermək mümkün olacaq. İndiki halda isə ümid edək ki, axşam bizi maraqlı bir oyun gözləyəcək”.
Məsimə Məmmədova
www.yenicag.az