Ukrayna mətbuatı Xocalıdan yazdı
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyətinin üzvü, Ukrayna Milli Aviasiya Universitetinin Beynlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev Ukrayna mətbuatında Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə geniş məqalə ilə çıxış edib. Yenicag.az aznews-a istinadən xəbər verir ki, Ukrayna mətbuatında yayımlanan məqalədə Xocalı faciəsinə aparan hadisələr ardıcıllıqla sadalanır, ermənilərin bu amansız cinayətinin xeyli əvvəldən və hər tərəfli şəkildə planlaşdırıldığı qeyd olunur.
Münaqişənin tarixinə nəzər salan müəllif ermənilərin tarixi Azərbaycan torpaqlarına əsrlər boyu göz dikməsindən və onların “Böyük Ermənistan” kimi boş və heç vaxt gerçəkləşməyəcək xülyasından da söz açıb.
A.Quliyev qeyd edib ki, ermənilərin törətdiyi cinayətlərin arxasında duran və Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən məkirli siyasətin ilhamverici qüvvəsi Mixail Qorbaçov olub: “Ermənilər məhz onun dəstəyindən istifadə edərək Xocalı faciəsinə aparan çoxsaylı vəhşilik nümunələrinə imza atıblar”.
A.Quliyev Xocalı faciəsini törədənlərin hələ də cəzalandırılmadığını və onların məsuliyyətə cəlb olunması üçün beynəlxalq ictimaiyyətin lazımı fəaliyyətinin müşahidə olunmadığını da vurğulayıb.