Bu gün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından üç il ötür. 2014-cü ildən davam edən bu münaqişə 2022-ci il fevralın 24-də ən qaynar mərhələsinə daxil oldu.
Rusiya ordusu Sum, Çerniqov, Xarkov, Luqansk, Donetsk, Kiyev, Xerson, Nikolayev və Odessa istiqamətlərində eyni anda hücuma keçdi. Əsas hədəflərdən biri paytaxt Kiyev oldu və Rusiya qoşunları şəhərə 15-16 kilometr məsafəyə qədər irəlilədi. Lakin Ukrayna ordusunun çevik taktiki manevrləri, qərarlı xalq müqaviməti və Qərbin ilkin dəstəyi nəticəsində Rusiya ordusu ciddi itkilər verərək bir sıra strateji ərazilərdən geri çəkilməyə məcbur oldu.
İlk mərhələdə Rusiya Kiyev, Çerniqov, Sum və Xarkov vilayətlərindən çıxmaq məcburiyyətində qaldı. Xerson şəhəri də ukraynalıların nəzarətinə keçdi. Bundan sonra Moskva əsas diqqətini Donetsk, Luqansk və Xerson vilayətlərinin müəyyən hissələrində möhkəmlənməyə yönəltdi. Xüsusilə Donbasda irəliləyiş əldə etməyə çalışan Rusiya şəhərləri raket və artilleriya atəşinə tutaraq əraziləri nəzarətə almağa çalışdı.
Buça faciəsi isə müharibənin ən qaranlıq səhifələrindən biri kimi yadda qaldı. Rusiya qoşunlarının Kiyev vilayətindən çıxarkən törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətini sarsıtdı. Bu hadisə Qərbin Rusiyaya qarşı münasibətini daha da sərtləşdirdi və Ukraynaya yardımların artırılması üçün əsas arqumentlərdən birinə çevrildi.
Bu üç il ərzində isə Ukrayna beynəlxalq dəstəklə ayaqda qalmağı bacardı. Qərb ölkələri mütəmadi olaraq Kiyevə hərbi və humanitar yardımlar göndərdi. ABŞ, Avropa İttifaqı və NATO ölkələri Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif silah sistemləri təqdim etdi. Lakin bu yardımların müharibənin nəticəsini sürətlə dəyişməyə kifayət etmədiyi də aydın oldu. Digər tərəfdən, Ukraynanın müqavimət gücü, döyüş qabiliyyəti və müasir silahlarla təchizatı ona işğal altındakı bəzi əraziləri geri qaytarmağa imkan yaratdı.
Bundan əlavə, Rusiya iqtisadi və siyasi təzyiqlərlə üzləşdi. Ona qarşı 15 sanksiya paketi elan edildi və bu məhdudiyyətlər Moskvanın hərbi sənayesinə, enerji sektoruna və maliyyə sisteminə ciddi təsir göstərdi. Buna baxmayaraq, Rusiya müharibəni davam etdirmək üçün müxtəlif yollar tapmağa çalışdı və xüsusilə Çin, İran və Şimali Koreya kimi ölkələrlə əməkdaşlığı genişləndirdi.
Bu üç il ərzində Ukrayna öz dövlətçiliyini qorumağı bacardı və Qara dənizə çıxışını itirmədi. Hətta müharibə gedişində Ukrayna ordusu Rusiya Qara dəniz donanmasına ciddi zərbələr endirdi. Bu hücumlar Moskvanın dənizdəki üstünlüyünü zəiflətdi və Ukraynanın dəniz nəqliyyatında bəzi üstünlüklər əldə etməsinə şərait yaratdı.
Hazırda isə Rusiya Krımla birlikdə Ukrayna ərazisinin 19.4%-nə nəzarət edir. Fevralın 24-dən sonra Moskva təxminən 80 min kvadrat kilometr ərazini işğal edib. Lakin Ukraynanın müdafiə strategiyası və Qərbin davamlı yardımları sayəsində müharibənin gələcək nəticələri hələ də qeyri-müəyyən olaraq qalır.
Onu da deyək ki, müharibə təkcə hərbi cəbhədə deyil, informasiya və diplomatik müstəvidə də davam edir. Ukrayna Qərbdən aldığı dəstəyi artırmaq və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı daha sərt tədbirlər görməyə sövq etmək üçün aktiv diplomatiya yürüdür. Rusiya isə Qərbin vahid mövqeyini sarsıtmaq və sanksiyaların təsirini azaltmaq üçün müxtəlif siyasi və iqtisadi manevrlərə əl atır.
Bu müharibə təkcə Ukrayna və Rusiya arasındakı toqquşma deyil, həm də qlobal geosiyasi düzənə təsir edən bir münaqişədir. Qərb üçün bu, yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyinin müdafiəsi məsələsidir. Rusiya üçün isə bu, postsovet məkanında təsir dairəsini qorumaq uğrunda mübarizədir.
Müharibənin gələcəyi beynəlxalq ictimaiyyətin bu məsələyə nə dərəcədə təsir edə biləcəyindən, Ukraynaya dəstəyin davamlılığından və Rusiyanın daxili vəziyyətindən asılı olacaq. Qərb ölkələrinin vahid mövqeyi, Ukraynanın hərbi və diplomatik sahədəki strategiyası yaxın illərdə münaqişənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. Rusiya və Qərb arasında davam edən bu geosiyasi qarşıdurma dünya nizamını dəyişmək gücünə malikdir və müharibənin nəticələri yalnız Ukrayna üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər üçün mühüm rol oynayacaq.
www.yenicag.az