Ukraynada gedən proseslər və ölkə daxilindəki siyasi vəziyyət, xüsusilə də xarici amillərin təsiri altında, getdikcə daha mürəkkəbləşir. Rusiya ilə davam edən müharibə və prezident Zelenskinin qarşılaşdığı siyasi çətinliklər Ukraynanın gələcəyini əhəmiyyətli dərəcədə təsir ededib. Bu çətinliklər xüsusilə Trampın prezidentliyə qayıtma ehtimalı ilə bağlı daha da qabarıq şəkildə hiss olunur. Belə bir vəziyyətdə, Ukraynadakı hakimiyyət böhranının dərinləşməsi mümkündür və bu, regionda yeni geosiyasi dəyişikliklərə yol aça bilər.
Yenicag.az-la söhbətində politoloq Mürtəza Bünyadlı da deyib ki, Ukraynada hakimiyyət böhranı sezilməkdədir və bu böhran dərinləşə bilər:
“Xüsusilə, Trampın hakimiyyətə gəlməsindən sonra Ukraynadakı proseslərin inkişafı fərqli istiqamətə yönələ bilər. Bu ehtimal olduqca böyükdür. Trampın hakimiyyətə gəlişi ilə bağlı Zelenskinin ciddi narahatlıqları var. Kiyev hakimiyyətinin mövcud rəhbərliyi Trampla bağlı ciddi suallar irəli sürmüşdür və hələ də bu məsələlərin necə həll olunacağı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Xüsusilə, Rusiya müharibəsi ilə bağlı hansı addımların atılacağı böyük sual altındadır”.
“Əgər Tramp və Zelenski arasında hər hansı bir anlaşmaya gələ bilməzsə, o zaman hakimiyyət böhranı qaçılmaz olacaq. Bu proses, əsasən, Trampın hakimiyyətə gəlişindən, daha doğrusu, gələn ilin yanvarından sonra daha aydın şəkildə müşahidə ediləcək. Bütün bu proseslər növbəti ilin yanvarından sonra müəyyənləşəcək. Əgər Tramp Zelenskiyə istinad edərsə, məsələlər öz həllini tapacaq və proseslər davam edəcək. Lakin, əgər Tramp Ukraynaya qarşı fərqli bir siyasət izləyərsə və ya təzyiqləri artırarsa, o zaman Ukraynada ciddi siyasi proseslər başlaya bilər ki, nəticədə hakimiyyət böhranı daha da dərinləşəcək”.
Rafi Müslümov
www.yenicag.az