“Ukraynanın müharibənin taleyində həlledici rol alması Rusiyanın nüvə silahından istifadəsinə gətirib çıxara bilər”.
Bunu Yenicag.az-a açıqlamasında xarici mediada Rusiya-Ukrayna müharibəsi fonunda keçmiş ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqların keçirilməsi ilə bağlı dərc edilən xəbərləri şərh edən politoloq Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, Rusiyanı zəiflətmək üçün ərazi bütövlüyü və suverenliyi ABŞ-a maraqlı olmayan Ukraynadan istifadə edildi.
“Hazırda Ukraynanın müharibənin taleyində həlledici rol alması Rusiyanın nüvə silahından istifadəsinə gətirib çıxara bilər. Bu amili nəzərə alan Qərb Kiyevə irəliləməyə yox, təslim olmamağa yetəcək qədər yardım göstərir. Məqsəd isə bəllidir, Rusiyanın yavaş-yavaş zəiflədilməsi. Ən sonda isə ABŞ-nin maraqlarına uyğun olan şəxslə hakimiyyət dəyişikliyi.
Artıq beynəlxalq ictimai rəydə ABŞ-nin dünyada gedən müharibələrdə rolu ilə bağlı kəskin etirazlar başlanıb. Bilinən üzərə yaxın gələcəkdə ABŞ-də keçiriləcək prezident seçkilərinə namizədlər xalq faktorunu nəzərə alaraq, onları qane edəcək açıqlamalar verirlər. Çünki ABŞ əhalisi müharibəyə qarşıdır. Formalaşacaq yeni hökumətin də müharibəyə qarşı olmasını istəyirlər. Keçmiş prezident Donald Trampın da çıxışları məhz buna hesablanıb.
Müharibəni cəmi 24 saat ərzində dayandıra biləcəyini iddia edən Tramp təbii ki, dövlət maraqlarını nəzərə alaraq Rusiyanın qalib olmasını istəməyəcək. Bu səbəbdən Rusiyadan ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə müəyyən təminatlar alacaq. Bir sözlə, ABŞ-dəki seçkilərin dünyada baş verən proseslərin müəyyənləşməsində rolu böyükdür”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az